Xəzər dənizi zəngin mineral, bioloji və rekreasiya ehtiyatları ilə zəngindir. Xəzərin neft və təbii qaz ehtiyatları sahilyanı ölkələr, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Azərbaycandakı yataqların əksəriyyəti dənizin şelf zonasında yerləşir. Qazaxıstan və Türkmənistandakı ehtiyatların çox hissəsi isə qurudadır, lakin onların istismarı və daşınması bilavasitə Xəzərlə bağlıdır.
Ölkələr | Xam neft (milyon barrel) | Təbii qaz (trilyon m3) |
Azərbaycan | 6,8 | 51 |
İran | 0,5 | 2 |
Qazaxıstan | 15,7 | 36 |
Rusiya | 1,6 | 14 |
Türkmənistan | 1,1 | 9 |
Cəmi: | 25,7 | 112 |
Mənbə: ABŞ Enerji Məlumatları Administrasiyası (EİA), 2012-ci il |
Dünyada ilk dəfə dənizdə neft 1949-cu ildə Xəzərdə Neft Daşlarında çıxarılmışdır. Xəzəryanı türk dövlətləri 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra dənizin neft-qaz ehtiyatlarının istismarı ilə əlaqədar xarici şirkətlərlə sıx əməkdaşlıq yarandı. Bununla əlaqədar regionda iri layihələr həyata keçirilməyə başlandı. Neft-qaz sənayesi və onunla bağlı olan təsərrüfat sahələri inkişaf etdirildi, yeni müəssisələr tikildi, neft və qazın hasilatı və emalında yeni texnologiyalar tətbiq olundu. Yanacağın daşınması üçün yeni nəqliyyat yolları çəkildi və layihələşdirildi. Bu nəqliyyat layihələri materikdaxili mövqeyə malik türkdilli dövlətlərin iqtisadi-coğrafi mövqeyinin yaxşılaşmasına səbəb oldu.