Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında, Acınohur– Ceyrançöl alçaq dağlığından (1000 m-ə yaxın) Xəzər sahillərinə (–27 m) qədər uzanan geniş əyilmə zonasını əhatə edir. Vilayətin relyefi və tektonik quruluşu çox sadədir.
Ərazi, əsasən, hamar düzənliklərdən ibarətdir. Səthi
Kaynozoyun IV dövr çöküntüləri
ilə örtülmüşdür, Acınohur–Ceyrançöl alçaq dağlığında isə
Neogen süxurları
yayılmışdır. Vilayətin qərbində çаy
gətirmələri, şərqində isə dəniz
çöküntüləri üstündür. Əsas təbii
sərvətləri neft və qaz, müalicə
palçığı (palçıq vulkanlarında),
müalicə nefti (Naftalan), tikinti materialları
və s.-dir.
Kür dağarası çökəkliyinin əsas iqlim tipi
qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimidir.
Qanıx–Əyriçay vadisində isə qışı quraq
keçən mülayim-isti iqlim tipi hakimdir. Vilayətin
daxilində ən çox yağıntı da bu əraziyə düşür (1000
mm-ə qədər). Kür çökəkliyində orta illik temperatur
+14,5°C, yağıntıların orta illik miqdarı 200–400
mm, buxarlanma qabiliyyəti 1200 mm, rütubətlilik
əmsalı isə 0,3-dür.
Vilayətdə çay şəbəkəsi seyrəkdir. Əsas çayları Kür, Araz və onların qollarıdır. Ərazidə artezian və minerallaşmış qrunt suları çoxdur. Suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılmışdır.