Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış
sahəsidir. Dünyanın
bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf
etmişdir. Kənd
təsərrüfatının 2 əsas tipi –
əmtəəlik (ixrac istiqamətli) və
istehlak tipləri
ayrılır. Əmtəəlik kənd təsərrüfatına intensiv,
yəni yüksək məhsuldarlığa malik əkinçilik, yem bazasına
əsaslanan intensiv heyvandarlıq aiddir. İstehlak tipli
təsərrüfata
isə aşağı məhsuldarlığa malik ekstensiv əkinçilik və
otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd
təsərrüfatının yüksək əmtəəlik tipi səciyyəvidir. Burada kənd
təsərrüfatında xüsusi
aqrobiznes forması inkişaf etmişdir. Aqrobiznes kənd təsərrüfatı
məhsulunun istehsalı
ilə yanaşı, onun emalı, anbarlarda saxlanması, daşınması və
satışı, həmçinin bu sahə
üçün maşın və gübrələrin istehsalını həyata keçirən sənaye
xarakterli iri özəl təsərrüfatdır.
İnkişaf etməkdə olan ölkələrdə həm əmtəə, həm də istehlak tipli
kənd
təsərrüfatı mövcuddur. Bu ölkələrdəki əmtəə təsərrüfatlarına
məhsuldar torpaqlarda
yerləşən və maşınların tətbiq edildiyi yaxşı təşkil olunmuş
plantasiya təsərrüfatı aiddir.
Bu təsərrüfatların məhsulu ixrac olunur. Amma inkişaf etməkdə olan
ölkələrdə kənd
təsərrüfatında əsas yeri istehlak tipli – xışlı və kotanlı
əkinçilik tutur.