Əhəmiyyətinə görə nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr arasında coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Beynəlxalq coğrafi əmək bölgüsü (BCƏB) region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması və onun mübadiləsidir. Ölkələr arasında məhsul mübadiləsi nəqliyyatın müxtəlif sahələri vasitəsilə həyata keçirilir.
ETİ dövründə nəqliyyatda konteynerləşmə – yüklərin iri metal qutularda, yəni konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir.
ETİ-nin təsiri ilə dəmiryol nəqliyyatının rolu bir qədər azalsa da, uzaq və orta məsafələrə ağır yüklərin daşınmasında, habelə şəhərdaxili sərnişin daşınmasında öz əhəmiyyətini saxlayır. Avtomobil nəqliyyatı şəhərdaxili və şəhərətrafı sərnişin daşınmasına görə birincidir. İstismarının asanlığı, yükləri “qapıdan-qapıya” daşıması xüsusiyyəti ilə əlaqədar şəhərlərarası və beynəlxalq daşımalarda avtomobil nəqliyyatının rolu getdikcə artır. Dəniz nəqliyyatı beynəlxalq ticarəti təmin etsə də, sərnişin daşınmasında az iştirak edir. Hava nəqliyyatı orta və uzaq məsafələrə sərnişinlərin, həmçinin təcili və qiymətli yüklərin daşınmasında böyük rola malikdir.