Xəritə və onun üzərində təsvir edilən obyektlər nə qədər kiçildilsə də, həndəsi dəqiqlik
gözlənilməlidir. Yəni istənilən obyektin yeri dəqiq verilməli, digər obyektlərə
nəzərən ölçüləri saxlanılmalıdır. Xəritənin digər mühüm
cəhəti təsvir olunan ərazinin yalnız əsas
coğrafi xüsusiyyətlərini
göstərən obyekt və hadisələrin təsvirini
vermək, onların qarşılıqlı əlaqəsini əks etdirməkdir.Məlumdur ki,
böyük ərazilərdə
yerləşən bütün obyektləri xəritədə göstərmək mümkün deyil. Buna görə də onların
arasından ən zəruri olanlar seçilir və xəritədə təsvir edilir.
Xəritənin miqyası, məzmunu və təyinatından asılı olaraq təsvir edilməsi zəruri
olan obyektlərin seçilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır.
“Generalizasiya” sözü latın dilində "generalis" - ümumi, əsas deməkdir.
Böyük miqyaslı xəritələrdə coğrafi obyektlər, onların forması və qarşılıqlı əlaqəsi
daha ətraflı təsvir edilir, yəni xəritənin miqyası böyüdükcə generalizasiya azalır.