Fövqəladə hal ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir.
Təbii mənşəli fəlakətlər insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.
Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir.
Texnogen xarakterli fövqəladə hadisələr dedikdə, ümumilikdə, insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur. Elm və texnika inkişaf etdikcə ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur. Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla əlaqədardır. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil edir.