Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir).
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Sığınacaq mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növüdür.
Sığınacaqdan ilk dəfə Birinci dünya müharibəsi zamanı istifadə edilmişdir. İkinci dünya müharibəsi illərində isə bomba və qaz sığınacaqları geniş tətbiq olundu. Sığınacaq möhkəm inşaat materiallarından tikilir (nüvə partlayışının zərbə dalğası təsirindən qorunmaq üçün), radioaktiv, kimyəvi, bakterioloji maddələrdən qorunmaq üçün hermetik olur, ventilyasiya qurğusu ilə təchiz edilir və burada adamların 2-3 gün qalması üçün şərait yaradılır.
Metropoliten stansiyaları, yeraltı qazmalar və digərlərindən də sığınacaq kimi istifadə edilə bilər.