Sağlam həyat tərzi hər kəs üçün fərqli bir anlam ifadə edir. Ümumiyyətlə, sağlam həyat tərzi bir insanın fiziki və əqli rifahının təmin edilməsinə, həyatı yaxşı yaşamasına imkan verən bir tərzdir. Gənclər üçün uşaqlıq və yeniyetməlik dövründə baş verən müxtəlif risk faktorları vardır ki, bu da çox vaxt qeyri-kafi qidalanmaya, fiziki fəaliyyətin olmamasına və ya aludəçiliyə gətirib çıxara bilər. Bunların hamısının nəticəsi isə onların həyatlarının qalan hissəsində də davam edə bilər. Həyatının çox erkən illərində işləməyə başlayan gənclər peşə sağlamlığı riski ilə üzləşirlər və bu da bəzən həyat boyu davam edəcək müəyyən nəticələrə gətirib çıxara bilər.
İnsan özü özünün həkimi olmalı, öz sağlamlığının qeydinə qalmalıdır. Yaşının erkən çağından başlayaraq sağlam həyat tərzi sürməli, orqanizmi möhkəmləndirməli, idmanla məşğul olmalı, fərdi gigiyena qaydalarına riayət etməli, bir sözlə - sağlam yaşamağa nail olmalıdır.
Sağlamlıq insan həyatının harmonik inkişafını təmin edən, əmək qabiliyyətini müəyyənləşdirən birinci və ən vacib tələbatdır.