37. ZƏDƏLƏNMƏDƏ İLK TİBBİ YARDIM
Hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə
həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və
ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə
hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitələrdən istifadə
edərək ilk tibbi yardım göstərmək olar.
Zədənin növünü və xüsusiyyətini nəzərə alaraq ilk tibbi yardım
necə göstərilir?
Zədələnmələr
sınıqlar
termik yanıqlar
kimyəvi yanıqlar
şüa zədələnməsi
elektrik vurma
qarışıq zədələnmə
Sınıqlar zamanı ilk yardım
Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin
tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir.
Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin pozulması, ətrafların sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan
qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün pozulması müşahidə
edilir.