Döyüş Bayrağı bütün dövrlərdə hərbi şərəf simvolu hesab edilir. Yarandığı gündən etibarən hərbi hissələrə Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanı ilə Döyüş Bayrağı təqdim edilir.
Döyüş Bayrağı sülh dövründə hərbi hissənin qərargahında xüsusi hazırlanmış yerdə saxlanılır. Onun mühafizəsi üçün ayrıca post yaradılır və bu posta ən hazırlıqlı əsgərlərdən saatdar təyin edilir. Müharibə zamanı isə Döyüş Bayrağı hissənin döyüş apardığı bölgədə yerləşir. Bu, hərbi hissənin mövcudluğunun göstəricisidir.
Döyüş Bayrağı hərbi hissənin döyüş ənənələrini, əsgəri şərəf, şöhrət və şücaətini təcəssüm etdirir, onun təyinatını və hansı qoşun növünə mənsub olduğunu göstərir.
Hərbi Dəniz Qüvvələri gəmilərinə təqdim edilən Döyüş Bayrağı gəminin hansı ölkəyə mənsubluğunu və toxunulmazlığını bildirir. Döyüş Bayrağı hərbi hissənin bütün mövcudluğu dövründə hərbi hissədə saxlanılır.