Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsinin əsas mövzularından biridir. O, Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir.
Sıra hazırlığı dərslərində hərbi qulluqçulara səliqəlilik, diqqətlilik, nizam-intizam aşılanır. Hərbi qulluqçuların sıra hazırlığı taktiki, fiziki, atəş hazırlığı və digər məşğələlərdə, düzülüşlərdə, müxtəlif yerdəyişmələrdə və gündəlik həyat fəaliyyətində təkmilləşdirilir.
Sırada hərəkət və üsulların müvəffəqiyyətli yerinə yetirilməsi üçün hərbi qulluqçu sıra haqqında təsəvvürə malik olmalı, onun elementlərini, komandaların yerinə yetirilmə qaydalarını, düzülüşdən əvvəl və sırada vəzifələrini bilməlidir.
Sıra hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə İlə müəyyən edilmiş düzülüşüdür.
Cərgə hərbi qulluqçuların birinin o birinin yanında bir xətt üzərində düzüldüyü sıradır.
Cinah sıranın sağ (sol) kənarıdır. Sıra döndükdə cinahların adı dəyişmir.
Ön sıranın hərbi qulluqçularının üzləri baxan tərəfidir.
Interval hərbi qulluqçular arasında ön boyu məsafədir.