5.1
NİSBİLİK NƏZƏRİYYƏSİNİN ƏSASLARI
Qalileyin nisbilik prinsipi. Q.Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını
ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdırdı:
●Mexanika qanunları bütün ətalət
hesablama sistemlərində eynidir.
Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəkəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərində eyni şəkildədir.
Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən fəza və zaman mütləq hesab olundu - cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərinə nəzərən əlaqələri yığcam formada “Qaliley çevrilmələri” adlanan və ondan çıxan nəticələrlə təsvir edildi (bax: cədvəl 5.1). Lakin işıq sürətinə yaxın sürətlərdə baş verən hadisələri, məsələn, elektromaqnit, qravitasiya, atomdaxili prosesləri klassik təsəvvürlər izah edə bilmədi.
Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi. XVII əsrin sonlarında işığın sürətinin təyininə dair Olaf Ryomerin astronomik üsulla və XIX əsrin ortalarında Lui Fizonun laboratoriya üsulu ilə aparılan praktik araşdırmaları (bax: Fizika-9, s.116 - 117), XIX əsrin sonlarında isə C.Maksvellin elektromaqnit sahəsinə dair apardığı nəzəri araşdırmaları işığın sonlu sürətə malik olduğunu əsaslandırdı.