6.6
BUXARLARIN XASSƏLƏRİ: DOYAN VƏ DOYMAYAN BUXAR
Buxarlanma. Mayedə (və ya bərk cisimlərdə) ixtiyari temperaturda müəyyən
miqdar molekullar (atomlar) mövcuddur ki, onların kinetik enerjisi qonşu molekullarla
qarşılıqlı təsir potensial enerjisindən böyükdür. Belə molekullar mayenin səthinə
yaxın hissədədirsə, onlar səthi asanlıqla tərk edərək mayenin üzərində buxar
əmələ gətirir. Buxarəmələgəlmə iki üsulla baş verir: buxarlanma və qaynama.
● Buxarəmələgəlmə - maddənin maye halından qaz halına keçmə prosesidir.
● Buxarlanma - mayenin səthində baş verən buxarəmələgəlmə hadisəsidir.
● Qaynama - mayenin bütün həcmində baş verən buxarlanma prosesidir (bax: Fizika-8, s. 75-76).
Buxarlanmada maye səthini böyük kinetik enerjiyə malik zərrəciklər tərk edir. Nəticədə mayedə qalan zərrəciklərin orta kinetik enerjisinin azalması baş verir. Ona görə də buxarlanma prosesi mayenin soyuması ilə müşaiyət olunur (əgər mayeyə kənardan istilik verilmirsə).
Buxarlanmanın sürəti asılıdır: mayenin növündən, mayenin temperaturundan, mayenin sərbəst səthinin sahəsindən, maye səthini əhatə edən hava cərəyanının sürətindən, mayenin səthinə göstərilən təzyiqdən (təzyiq artdıqda buxarlanmanın sürəti azalır), havanın rütubətliyindən və temperaturundan.