6.9
BƏRK CİSİMLƏR VƏ ONLARIN BƏZİ XASSƏLƏRİ
Məsəl var, deyərlər: “Şaxta cırıldayır”. Bu da ondan irəli gəlir ki, şaxtalı havada meşədəki irigövdəli ağaclar və kötüklər, habelə köhnə evlərin taxta divarları cırıldayır - sanki parçalanır. Yəqin ki, kənd yerlərində yaşayan şagirdlər belə hadisələri dəfələrlə müşahidə etmişlər.Xarici təsirlər olmadan öz forma və həcmini saxlayan cisimlər bərk cisimlərdir. Məsələn, metal, plastmas, şüşə və ebonitdən hazırlanan cisimlər bərk cisimlərdir. Bərk cisimlər fiziki xassəsinə görə fərqlənən iki qrupa ayrılır: kristal və amorf cisimlər. Kristal cisimlərə bərk halda olan metallar, müxtəlif minerallar, məsələn, xörək duzu, kvars, dağ bülluru aiddir. Amorf cisimlərə isə opal, obsidian, ebonit, şüşə, plastmas, qatran, kanifol, kəhrəba və s. aiddir. Kristal və amorf cisimlər arasında fərq nədir?
Kristal cisimlər. Kristal cisimlərin zərrəcikləri (atom, molekul və ya ionlar)
fəzada müəyyən nizamlı və
qanunauyğun düzülüşə malik olub kristal qəfəs əmələ gətirirlər. Kristal cisimlərin müəyyən ərimə
temperaturu vardır.
● Kristalda zərrəciklərin yerləşdiyi nöqtələr kristal qəfəsin düyün nöqtələri adlanır.