3.1.
Buz üstündə konkidə duran 50 kq kütləli oğlan kütləsi 1 kq olan qar topasını üfüqə 5 m/san sürətlə atdı. Bu zaman oğlan hansı sürət alar?
3.2.
Kütləsi 150 t olan lokomotiv sükunətdə duran 1250 t kütləli qatara 7 m/san sürətlə yaxınlaşır. Qatar lokomotivə birləşəndən sonra hansı sürət alar?
3.3.
500 m/san sürətlə uçan mərmi partlayaraq kütlələri 5 kq və 15 kq olan iki qəlpəyə ayrıldı. Böyük qəlpə 800 m/san sürət alaraq uçuş istiqamətində hərəkətini davam etdirdi. Kiçik qəlpənin sürətini təyin edin.
3.4.
2 m/san sürətlə qaçan 60 kq kütləli oğlan 1 m/san sürətlə hərəkət edən 40 kq kütləli arabaya çataraq onun üzərinə tullandı. Araba oğlanla birlikdə hansı sürətlə hərəkətini davam etdirər?
3.5.
OX oxu boyunca hərəkət edən cismə təsir edən qüvvənin proyeksiyasının x-dan asılılıq qrafiki verilmişdir. Bu qüvvənin 12 m yolda gördüyü işi təyin edin.
3.6.
Oğlan üfüqi yolda duran arabaya yerdəyişmə ilə 60° bucaq təşkil edən sabit qüvvə tətbiq etməklə onun yerini 40 m dəyişdi. Qüvvənin gördüyü iş 2 kC olarsa, oğlan arabaya nə qədər qüvvə tətbiq etmişdir?
3.7.
Oğlan 100 q kütləli topu şaquli yuxarı atdı və sərbəst düşən topu atdığı nöqtədə də tutdu. Yuxarı hərəkət edən topun 5m yüksəkliyə qalxdığını nəzərə almaqla, topa təsir edən ağırlıq qüvvəsinin gördüyü işi hesablayın (g = 10 m/san2): a) topun yuxarı hərəkət etdiyi hal üçün; b) topun aşağı hərəkət etdiyi hal üçün; c) topun hərəkətdə olduğu bütün yol üçün.
3.8.
Gücü 0,9 kVt olan elektrik mühərriki ilə 30 kq kütləli yükü 4 m/san sürətlə qaldırmaq olarmı (g = 10 m/san2)?
3.9.
Əyləc sistemi
I sual. Yüngül minik avtomobili ilə müqayisədə ağır yük avtomobilində daha güclü
əyləc sistemi quraşdırılır. Eyni sürətlə hərəkət edən yük və minik avtomobilində
fərqli gücə malik əyləc sisteminin quraşdırılması hansı fiziki qanunauyğunluqdan
irəli gəlir?
II sual. Böyük kütləli yük avtomobillərində və avtobuslarda adətən pnevmatik
əyləc sistemləri quraşdırılır. Pnevmatik əyləc sistemlərinin iş prinsipində hansı növ
enerjidən istifadə olunur?
3.10.
Bəzən elə hallar olur ki, avtomobil yoxuşun əvvəlində qabaqcadan sürətlənməyibsə, o yoxuşu çıxmaqda çətinlik çəkir. Niyə bəzən avtomobillər yoxuşu çıxmaq üçün əvvəlcədən sürətlənməlidir?
3.11.
Tüfəngdən 600 m/san sürətlə atılan 5 q kütləli güllə taxta hədəfi dəlib keçir. Hədəfdən çıxan anda güllənin sürəti 200 m/san oldu. Hədəfin müqavimət qüvvələrinin gördüyü işi təyin edin.
3.12.
Sərtliyi 100 N/m olan dinamometrin yayı 2 sm deformasiya edir. Deformasiya etmiş yayın potensial enerjisini təyin edin.