3.7 FORMALAR
İstənilən verilənlər bazasının durumu və dəyəri onda saxlanılan informasiyanın dəqiqliyindən və aktuallığından asılıdır. Ona görə də bazaya informasiyanın vaxtında və düzgün daxil edilməsi çox önəmlidir.
Cədvəllərlə işi asanlaşdırmaq məqsədilə bazaya informasiyanın daxil edilməsi üçün, adətən, formalardan istifadə olunur. Yaradılmış formaların köməyi ilə cədvəllərdəki verilənlərə baxmaq, onları daxil və redaktə etmək, yaxud verilmiş meyar üzrə nizamlamaq olar.
Formalar cədvəllərdəki informasiyanı sistemləşdirilmiş şəkildə təqdim etməyə imkan verir. Ən sadə halda formada cədvəlin bir yazısı verilir, ancaq sahələrin bir sətirdə yerləşməsi vacib deyil.
Verilənlər bazası iki rejimdə təqdim oluna bilər: cədvəl və forma.
Elektron cədvəli xatırladan cədvəl rejimində verilənlər bazasında olan informasiya ekrana sətirlər və sütunlar şəklində çıxarılır. Bu halda bütün yazılar eyni anda gözünüzün qabağında olur ki, bu da onların redaktəsini asanlaşdırır. Yuxarıdakı soldakı şəkildə informasiya məhz bu rejimdə təqdim olunub.
Əgər yaratdığınız verilənlər bazasından yalnız özünüz istifadə edəcəksinizsə, çox güman ki, cədvəllərlə birbaşa işləmək sizin üçün daha rahatdır. Yox, əgər sizin yaratdığınız verilənlər bazası ilə başqa şəxslər işləyəcəksə, birbaşa cədvəllər üzərində əməliyyat aparmaq onlar üçün çox çətin ola bilər. Bu problemi həll etmək üçün verilənlər bazasının idarəolunması sistemlərində formalar nəzərdə tutulub. Adətən, verilənlərin daxiledilməsi ilə xüsusi ayrılmış işçilər məşğul olduqda formalar tətbiq edilir.
Forma elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza cədvəllərinə daxil edilir. Formalardan istifadə bir neçə səbəbdən əlverişlidir: