3.8 VERİLƏNLƏRİN AXTARIŞI VƏ ÇEŞİDLƏNMƏSİ
- Sinif jurnalında şagirdlərin adları hansı qayda ilə düzülür? Niyə?
- Məktəbin bütün şagirdlərinin siyahısı həmin qayda ilə tərtib edilsəydi, konkret sinifdə oxuyan hansısa şagirdi siyahıdan tapmaq nə qədər asan olardı? Çıxış yolu nədədir?
FƏALİYYƏT
- informatika.edu.az saytının İstifadəçilər səhifəsini açın. Cədvəlin hər sütununun başlığının sağ tərəfindəki üçbucaqlara fikir verin.
- Onları bir-bir çıqqıldadın və sütunda verilənlərin necə dəyişildiyini izləyin.
- Cədvəldən istifadə edib iştirakçıların arasında müəllimlərin, tələbələrin, şagirdlərin ayrılıqda saylarını müəyyənləşdirin.
- "Tarix" sahəsində hansı dəyişikliklər baş verir? Yazının yanında olan üçbucaq hansı funksiyanı yerinə yetirir?
- Lazım olan iştirakçını necə tapmaq olar? Bunun üçün nə nəzərdə tutulub?
- Müəllimlərin sayını necə tapdınız?
AÇAR sözlər
- Arama
- Çeşidləmə
- Artma sırası ilə çeşidləmə
- Azalma sırası ilə çeşidləmə
- Süzgəc
Verilənlər bazasının faydalı və gərəkli informasiyanın saxlanılması üçün nəzərdə tutulduğunu bilirsiniz. Soruşula bilər: axı adi kartoteka da bu məqsədə xidmət edir, əlavə zəhmət (xərc) çəkib verilənlər bazası yaratmağa nə lüzum var? Belə bir sual qarşısında çəkilən xərclərin, sərf edilən vaxtın əbəs yerə olmadığını əsaslandırmaq üçün verilənlər bazasının idarəolunması sistemi elə üstün özəlliyə malik olmalıdır ki,
adi kartotekada həmin imkanlar olmasın; məsələn, çox böyük miqdarda informasiyanı ani şəkildə “gözdən keçirsin” və lazımi məlumatı tapsın.
Doğrudan da, verilənlər bazasının əsas üstünlüyü çox böyük həcmdə informasiyanı saxlamaqda deyil, məhz lazımi məlumatları ani olaraq tapmaqda, onları emal etməkdədir.