4.1 KOMPÜTER ŞƏBƏKƏLƏRİ VƏ ONLARIN TƏSNİFATI
Kompüter şəbəkəsi dedikdə, ilk növbədə, server və müştəri kompüterləri göz önünə gəlir. Bildiyiniz kimi, server xüsusi ayrılmış, uyğun proqram təminatı ilə təchiz olunmuş, şəbəkənin işini mərkəzləşdirilmiş qaydada idarə edən və öz resurslarını (faylları, disksürənləri, printeri və s.) başqa kompüterlərin ixtiyarına verən yüksək məhsuldarlığa malik kompüterdir. Müştəri kompüteri və ya, sadəcə, müştəri isə şəbəkənin adi istifadəçisinin serverin resurslarına çıxışı olan kompüteridir. Müştəri kompüterinə iş stansiyası da deyirlər.
İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir muxtar mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayacaq, printerlərin isə yalnız biri kifayət edəcək.
Şəbəkədəki proqramlar, fayllar, eləcə də printerlər və birgə istifadə olunan başqa periferiya qurğuları resurs adlanır.
Bir neçə kompüterdən və bir ortaq printerdən ibarət sadə şəbəkə