6.4 TELEKONFRANS
İnternetin geniş yayılmış kommunikasiya xidmətlərindən biri də telekonfrans rabitəsidir. Telekonfrans şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş inteqrasiyasını nəzərdə tutan müasir dövrümüzdə bu telekommunikasiya ünsiyyət növü xüsusilə aktualdır. Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarəolunması və onlara yekun vurulması kimi təşkilati işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər. Öz məruzəsini, yaxud məlumatını təqdim edən iştirakçı ayrıca bir adresata deyil, konfransın bütün iştirakçılarına müraciət edir. Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu sayda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştirak edə bilər.
İnternet üzərindən telekonfranslar təşkil etmək üçün çox sayda proqramlar vardır. Onların içərisində Microsoft Teams, Zoom, Google Hangouts, Skype, GoToMeeting, TrueConf kimi proqramlar daha populyardır.