1.3 İNFORMASİYANIN MİQDARI
FƏALİYYƏT
İnformasiyanın miqdarının ölçülməsi üçün bir neçə yanaşma mövcuddur. Məzmun yanaşmasında informasiyaya insanın nöqteyi-nəzərindən baxılır. Belə ki, ətraf aləmin dərkedilməsi prosesi informasiyanın biliklər (faktlar, elmi nəzəriyyələr və s.) formasında toplanmasına səbəb olur. İnsan yeni informasiya aldıqca onun bilik dairəsi genişlənir, başqa sözlə, biliklərindəki qeyri-müəyyənliklər azalır. Əgər hansısa məlumat bizim biliklərimizdəki qeyri-müəyyənliyin azalmasına səbəb olursa, onda belə məlumatın informasiya daşıdığını demək olar.
Göründüyü kimi, bu yanaşmada informasiyanın miqdarı onun məzmunundan (mənasından) asılı olur. Ancaq texniki qurğular informasiyanın məzmununu başa düşmür. Ona görə də hesablama texnikasında informasiyanın miqdarını müəyyənləşdirmək üçün başqa yanaşmadan - əlifba yanaşması, yaxud texniki yanaşmadan istifadə olunur.
Məzmun yanaşması | Biliklərdəki qeyri-müəyyənlik azalır. | |
Əlifba yanaşması | Məlumatdakı informasiyanın miqdarı onun məzmunundan asılı olmur. |