1.6 ANTİVİRUS PROQRAMLARI
Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), əlbəttə, yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır.
Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər:
1-ci səviyyədə
virusların kompüterə girməsinin qarşısı alınır;
2-ci səviyyədə virus hücumlarının qarşısı alınır;
3-cü
səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.
Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli mənbələrdən əldə olunan proqram təminatlarından istifadədən qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən İnternetdən daxil olan proqram koduna çox ciddi nəzarət olunmalıdır.
Yoluxma faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün antivirus proqramlarından istifadə olunur. Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların aşkar edilməsi və viruslar üçün xarakterik hərəkətlərin qeydə alınması onların axtarışının əsasını təşkil edir.
Müqayisə üçün zəruri olan verilənlər antivirus proqramının verilənlər bazasında saxlanılır. Antivirus verilənlər bazasını daim yeni viruslar haqqında məlumatlarla doldurmaq, başqa sözlə, virus bazasını yeniləmək lazımdır. Antivirus proqramlarının uğuru da məhz bundan asılı olur.
İlk antivirus proqramları 1984-cü ildə Andi Hopkins tərəfindən yazılmış CHK4BOMB və BOMBSQAD utilitləri hesab olunur. CHK4BOMB yüklənən modulları təhlil etməyə imkan verirdi və bütün mətn məlumatlarını və koddakı “şübhəli” yerləri (məsələn: diskə birbaşa yazma komandalarını) aşkarlayırdı. Sadə və səmərəli olmasına görə CHK4BOMB önəmli populyarlıq qazandı.
BOMBSQAD.COM proqramı isə BIOS vasitəsilə yerinə yetirilən yazma və formatlama əməliyyatlarını tuturdu.