1.8 KRİPTOQRAFİYA
Təxminən miladdan öncə 400-cü illərdə spartalılar informasiyanı şifrləmək üçün istifadə edilən üsula əsasən, perqament zolağı silindr formalı ağac parçasına sarınırdı və məlumat sətirbəsət həmin zolağa yazılırdı. Sarğı açıldıqdan sonra onun üzərindəki yazı, sadəcə, təsadüfi simvolla yığını kimi görünürdü.
FƏALİYYƏT
"Kriptoqrafiya" sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib.
a) qsjruölscgjzb | b) lşksüpmşcğkaə |
c) oümuzşöüeımçe | d) nultysouçxlcd |
Ötən dərsdə qeyd olunduğu kimi, haker hücumlarının əsas məqsədi təkcə kompüterdə olan informasiyanın məhv edilməsi deyil, həm də onların icazəsiz “ələ keçirilməsidir”. Əgər bunun qarşısını texniki vasitələrin köməyi ilə almaq mümkün olmursa, onda şifrləmə sistemindən istifadə edilir. Şifrləmə üsulları ilə kriptoqrafiya məşğul olur. “Kriptoqrafiya” iki yunan sözündən (kρʋπτóς - gizli + γράφω - yazıram) ibarət olub “gizli yazı” mənasını verir.
Kriptoqrafiyadan istifadə haqqında ilk məlumatlar Qədim Misir (m.ö. 1900-cü il), Qədim Mesopotamiya (m.ö. 1500-cü il) dövrünə aiddir. IX əsrin ortalarınadək dünyada məlumatların şifrlənməsi üçün ən geniş yayılmış üsul təkəlifba şifri idi. Bu üsulda kodlaşdırılan mətnin hər bir hərfinə qarşı birqiymətli olaraq hansısa şifrlənmiş hərf qoyulur.