2.2 MODELLƏRİN NÖVLƏRİ
Modellər müxtəlif cür təsnif edilir və bu təsnifat hansı xassələrin daha vacib olmasından asılıdır; məsələn, modelləri istifadə sahələri üzrə təsnif etmək olar: qlobus Yerin tədris modelidir ; aerodinamik boruda sınaq üçün hazırlanmış təyyarə modeli təcrübi modeldir ; proses və hadisələri tədqiq etmək üçün elmi-texniki modellərdən istifadə olunur; oyun və imitasiya modelləri də mövcuddur (xüsusən də hərbidə).
Zaman amilini nəzərə almaqla modelləri statik və dinamik modellərə ayırmaq olar. Statik model baxılan zaman anında dəyişmir. Dinamik model isə obyektin zamandan asılı olaraq dəyişməsini nəzərə alır.
FƏALİYYƏT
Bildiyiniz kimi, təqdimolunma formasından asılı olaraq modelləri iki böyük sinfə ayırmaq olar: maddi modellər və informasiya modelləri. Maddi modellər obyektlərin həndəsi, fiziki və başqa xassələrini maddi formada əks etdirir (qlobus, anatomik mulyajlar, kristal qəfəs modelləri, binaların maketləri və s.).
İnformasiya modelləri obyekt və prosesləri yalnız informasiya əsasında təsvir edir. Başqa sözlə, informasiya modellərinə əl ilə toxunmaq və ya gözlə görmək olmur.