2.4 İNFORMASİYA MODELİNİN HAZIRLANMASI
FƏALİYYƏT
Excel proqramında məktəbinizlə bağlı iki cədvəl hazırlayın. Bu cədvəllərdə uyğun olaraq aşağıdakı sütunlar olsun.
Orijinal obyektin hər hansı bir xassəsini öyrənmək üçün, adətən, onun digər xassələrini əks etdirməyə ehtiyac qalmır. Ona görə də istənilən informasiya modeli real obyekti yalnız qismən əvəz edir. Bu isə o deməkdir ki, tədqiq olunan obyektin müəyyən cəhətlərinə diqqəti yönəltmək üçün onun bir neçə informasiya modeli qurula bilər. Misal olaraq mənzil tikintisi sahəsini seçək və hər hansı yaşayış evinin tikintisini nəzərdən keçirək. Bu evin informasiya modeli necə olmalıdır?
Əslində, belə informasiya modelləri məqsəddən asılı olaraq müxtəlif ola bilər. Aydındır ki, mənzilin alıcısı, memarı, tikintini maliyyələşdirən təşkilat (investor) və tikintini həyata keçirən təşkilatın hər biri informasiya modelini onları maraqlandıran cəhətlərə görə quracaqdır. Deməli, nəzərdən keçirilən ev üçün maraqlardan asılı olaraq müxtəlif informasiya modelləri yaratmaq olar. Onlardan bəzilərinə baxaq.