2.5 KOMPÜTER MODELİ
Hər il dünyanın məşhur avtomobil şirkətlərinin konstruktor bürolarında avtomobillərin yeni modelləri üzərində işlər aparılır. Bunun üçün onların xarici görünüşünü və tərkib hissələrini əks etdirən çoxlu sxemlər hazırlanır.
FƏALİYYƏT
Karandaşla kağızda və kompüterdə "ev" obyektinin iki modelini hazırlayın.
Bildiyiniz kimi, müasir informatikanın əsas aləti kompüterdir. Ona görə də informatikada informasiya modelləşdirməsi dedikdə müxtəlif sahələrdə tətbiq olunan kompüter modelləşdirməsi nəzərdə tutulur.
Kompüter modelləşdirməsi kompüter texnikası vasitəsilə modellərin yaradılmasıdır.
Kompüter modelləşdirməsi üçün müəyyən proqram təminatının olması vacibdir. Belə proqram təminatı universal (məsələn: mətn və qrafik redaktorlar) və xüsusiləşmiş ola bilər.
Bu gün elmin müxtəlif sahələrində kompüter modelləşdirməsi böyük əhəmiyyətə malikdir: mürəkkəb sistemlərin tədqiqində, nəsli kəsilmiş canlıların və itmiş tikililərin obrazlarının yaradılmasında kompüter modelləşdirməsi vasitəsilə daha dəqiq nəticələr alınır. Demək olar ki, bütün müasir kinofilmlərdə kompüter effektlərindən istifadə edilir.
Kompüter modelləşdirməsi və hesablama eksperimenti elmi tədqiqatın yeni metodu kimi nəhəng elmi-texniki və sosial-iqtisadi problemlərin həllində istifadə edilir; məsələn, atom-elektrik stansiyalarında reaktorların layihələndirilməsi, su-elektrik stansiyaları və böyük bəndlərin layihələrinin hazırlanması, hər hansı bir sahə, region və ölkənin balanslaşdırılmış iqtisadi inkişaf planının tərtib edilməsi və başqa məsələlərin həllində bu metodun əhəmiyyəti böyükdür.