CH4, C2H6və C3H8formullu alkanlardan fərqli olaraq C4H10-dan başlayaraq eyni formula malik müxtəlif alkanlar mövcuddur.
Molekul formulu | Alkanların sayı | Molekul formulu | Alkanların sayı |
CH4 | 1 | C7H16 | 9 |
C2H6 | 1 | C8H18 | 18 |
C3H8 | 1 | C9H20 | 35 |
C4H10 | 2 | C10H22 | 75 |
C5H12 | 3 | C15H32 | 4347 |
C6H14 | 5 | C20H42 | 366319 |
Bu fərqin səbəbi nədir?
C4H10 və C7H16 tərkibli alkanların quruluşunu necə təklif edərsiniz?
Butan və izobutan müxtəlif maddələr olub, xassələrinə görə bir-birindən fərqlənir. Butan şaxəsiz, izobutan isə şaxəli quruluşlu alkandır. Bu maddələrin tərkibi eyni olub, quruluşlarına görə bir-birindən fərqlənir.
Molekullarının tərkibi eyni, kimyəvi quruluşu müxtəlif olan və buna görə də xassələri ilə bir-birindən fərqlənən maddələrə izomerlər (yunanca izos - bərabər, meros - ölçü deməkdir), bu hadisəyə isə izomerlik deyilir.
Molekulda karbon atomlarının birləşmə ardıcıllığının müxtəlifliyinə əsaslanan izomerlik karbon zəncirinin quruluş izomerliyi adlanır. Deməli, alkanlarda karbon zəncirinin quruluş izomerliyi molekulunda 4 karbon atomu olan alkandan (C4H10) başlayır. Butan və izobutan izomer maddələrdir.