6
Alkanların fiziki xassələri və
yanma reaksiyaları
Biz bəzən işıqlandırma vasitəsi kimi şamdan istifadə
edirik. Şam parafindən və onun içərisində olan fitildən
ibarətdir. Şamdan istifadə zamanı fitil yandırılır. Bu
zaman tədricən parafinin yanması baş verir və ətraf
işıqlanır.
Parafinin tərkibini, əsasən, hansı maddələr təşkil edir?
Parafinin yanması zamanı hansı maddələr alınır?
Fiziki xassələri
Alkanlar rəngsiz, suda həll olmayan maddələrdir. Onların ilk dörd nümayəndəsi normal
şəraitdə qaz halında olan iysiz maddələrdir. Təbii qaz ilə təmin edilməyən məntəqələrdə,
əsasən, yanacaq kimi propan-butan qarışığından istifadə edilir. Propan və butan yüksək
təzyiqdə asanlıqla mayeləşdirilərək xüsusi balonlara doldurulur və bu şəkildə daşınır. Həmin
maye yanacaqlar alışqanlara da doldurulur.
Qaz balonunda olan propan-butan qarışığı yüksək təzyiq səbəbindən maye halda olur.
Balonun kranı açıldıqda təzyiq aşağı düşür, maye yanacaq qaz halına keçir və balonun
borusundan ətrafa yayılır.