Üzvi kimya üzvi birləşmələrin tərkibini, quruluşunu, xassələrini və tətbiqini öyrənir.
Bütün üzvi birləşmələr üçün ümumi bir xüsusiyyət tərkiblərində karbon atomunun olmasıdır. Karbondan başqa, üzvi birləşmələrin molekullarına hidrogen, oksigen, azot, halogenlər, fosfor və s. daxil olur.
İndiki dövrdə iyirmi milyondan çox üzvi birləşmə məlumdur. Bunun səbəbi karbon atomlarının öz aralarında və digər atomlarla davamlı kimyəvi rabitə əmələ gətirməsi ilə əlaqədardır.
Üzvi və qeyri-üzvi maddələr arasında kəskin sərhəd yoxdur. Karbonun bir sıra birləşmələri, məsələn karbon-monoksid, karbon-dioksid, karbonat turşusu və onun duzları xassələrinə görə qeyri-üzvi maddələrə aid edilir.
Tərkibinə görə ən sadə üzvi birləşmələr karbohidrogenlərdir. Onların tərkibinə yalnız karbon və hidrogen atomları daxildir. Digər üzvi birləşmələrə karbohidrogenlərin törəmələri kimi baxmaq olar.
Üzvi birləşmələr təbii mənşəli (neft, təbii qaz, sellüloza, nişasta və s.) və sintetik olmaqla iki qrupa bölünür.
Təbii mənşəli üzvi birləşmələrə həmçinin canlı orqanizmlərdə əmələ gələn maddələr aiddir (nuklein turşuları, zülallar, yağlar, karbohidratlar, fermentlər, vitaminlər, hormonlar və s.).
Dərman preparatlarının əksəriyyətinin əsas tərkib hissəsi üzvi birləşmələrdir.
Əksər sintetik üzvi birləşmələr neftin, təbii qazın, kömürün və oduncağın emalı nəticəsində alınır.
Üzvi kimyanın nailiyyətlərindən tikinti materiallarının istehsalında, kənd təsərrüfatında, tibbdə, elektrotexnikada, yarımkeçiricilər sənayesində və s. istifadə olunur. Sintetik yanacaqlar, sintetik yuyucu vasitələr, polimerlər, plastik kütlələr və boya maddələri olmadan müasir həyatımızı təsəvvür etmək mümkün deyil.
Lakin nəzərə almaq lazımdır ki, bir sıra üzvi maddələr təbii mühitdə uzun müddət qalaraq ekoloji problemlərin yaranmasına gətirib çıxarır.
Üzvi birləşmələr hələ qədimdən insanlara məlum olmuşdur. Qədim zamanlarda insanlar bitki ekstraktlarından xəstəliklərin müalicəsində, təbii boyalardan parçaların rənglənməsində istifadə etmişlər. Yağdan sabunun, spirtli içkilərin və sirkənin hazırlanma üsulu məlum olmuşdur.
XVIII əsrə qədər keçən dövr əlkimya adlanır. Əlkimyaçılar istənilən metalı qızıla çevirən və ya bütün xəstəlikləri müalicə edən (yatrokimya) fəlsəfə daşı axtarmışlar.
Bu dövr ərzində müxtəlif laboratoriya cihazları hazırlanmış, üzvi maddələrin təmizlənmə üsulları təkmilləşdirilmiş və kimyanın praktiki tətbiqi genişlənmişdir.
Üzvi kimya ayrıca bir elm kimi XIX əsrin əvvəllərində formalaşmışdır. Həmin dövrdə alimlər canlı orqanizmlərdən ayrılan üzvi maddələri sistematik öyrənmişlər.