II Mehmetdən sonra hakimiyyətə oğlu II Bəyazid (1481— 1512) gəldi. Mömin bir sultan olan II Bəyazid ədalətlə hökmranlıq etdiyindən hələ sağlığında "Vəli" (qayğı göstərən, dost, yoldaş) ləqəbini almışdı. Sultanın əmri ilə İspaniyadan qovulan yəhudilərə Osmanlıda sığınacaq verildi. Qonşu Səfəvilər dövləti və Misir Məmlük sultanlığı ilə dostluq əlaqələri saxlayan II Bəyazid venesiyalılar üzərində parlaq qələbə qazandı. 1512-ci ildə Osmanlı taxtına sultan I Səlim çıxdı. O, tarixdə "Yavuz" (qəzəbli) ləqəbi ilə tanınır. Hakimiyyətdə olduğu 8 il müddətində, əsasən, sultan I Səlim qonşuluqdakı dövlətlərlə müharibələr apardı. 1514-cü ildə Çaldıran döyüşündə qələbə qazansa da, I Səlim qızılbaşların hücumlarından çəkinərək Azərbaycanı tərk etdi. |
Rum padşahı Sultan Səlim öz atasını dəf etdikdən və hakimiyyətini sabitləşdirdikdən sonra Azərbaycanı fəth etmək eşqinə düşüb, onun sərhədinə yaxın gəldi. Bu xəbər Şah İsmayılın qulağına çatdıqda Azərbaycana tərəf yollandı. Xoyun Çaldıran adlı yerində iki qoşun arasında müharibə oldu. Şah İsmayıl özünü düşmən qoşununun ortasına vurub, onların arasına vəlvələ saldı... Şücaətli Malqoçoğlunun başına elə bir qılınc vurdu ki, sinəsinə qədər onu parçaladı. Yeniçərlərin bir bölüyünü parça-parça etdi. Belə bir vaxtda xəbərdar oldular ki, bütün qızılbaş qoşunu qaçmışdır, nə sağ cinah möhkəmdir, nə sol cinah. Şah İsmayıl aradan salamat çıxıb Dərcəzinə qədər getdi. Sultan Səlim ardınca gəlib Təbrizdə dayandı. Bundan artıq irəliləməyə cürət etmədi və tələsik yola düşüb Ruma geri qayıtdı.
Xacə Zeynalabdin Əli Əbdi bəy. “Təhnilətül-əxbar"
|