İlkin mənimsənilən, kənd təsərrüfatı bitkiləri altda istifadə olunan torpaqlarda əkin materialı becərmək üçün mikorizalı torpağın verilməsi vacibdir. Məsələn, qeyd olunan sahələrdə şabalıd qozaları səpilən tarlaya şabalıd meşəsinin çətiri altdan götürülmüş torpağın verilməsi tövsiyə olunur.
2.8.2. Gübrə növləri, onların tətbiqi üsulları və normaları
Yüksək keyfiyyətli standart əkin materialının yetişdirilməsində üzvi və mineral gübrələrin tətbiqi becərmə texnologiyasının mühüm və ayrılmaz tərkib hissəsidir.
Üzvi gübrələrdən peyin, tinglik sahəsinin təşkili nəticəsində yaradılan səpin və əkin (böyütmə) tarlalarının ilkin mənimsənilməsi zamanı plantaj şumu altına verilir (20 t/ha). Üzvi və mineral gübrələr əkin dövriyyəsi sxemində səpin şöbəsində, toxum səpinin aparılması və böyütmə şöbəsində toxmacarların (çiliklərin) əkini nəzərdə tutulub qara herik (sələf) olan tarlalara payızda dondurma şumundan qabaq verilir.
Mineral gübrələr səpin və böyütmə şöbələrində səpindən və əkindən qabaq şum altda verilir. Səpindən və toxmacarların (çiliklərin) əkilməsindən qabaq regionun torpaqlarının xüsusiyyətlərindən asılı olaraq P75-150K60-120 kq (təsiredici maddə hesabı ilə) verilir. Azot gübrələri N60-90 kq normasında vegetasiya müddətində 2 (enliyarpaqlı cinslər üçün) və 3 mərhələdə (iynəyarpaqlı cinslər üçün) verilir. Birinci hissəsi cücərtilərdə 2-3 əsl yarpaq əmələ gəldikdə, ikinci hissəsi isə intensiv boyatma mərhələsində (may ayının sonu-iyun ayında), üçüncü hissəsi (iynəyarpaqlı cinslər) iyul-avqust aylarında verilir. Boyatmanın başa çatmasını və bitkilərin oduncaqlaşaraq qışa hazırlıq mərhələsini keçməsini təmin etmək məqsədilə yayın sonunda və payızda gübrələrin verilməsi tövsiyə olunmur.
2.8.3. Alaq otları ilə kimyəvi mübarizə
metodları
Əkin materialının yetişdirilməsində tinglikdə, səpin və əkin (böyütmə) şöbələrində, alaq otları ilə mübarizə qarşıda duran aktual problemdir (Şəkil 2.7). Alaq otları əkin materialı becərilən bitkilər üçün torpaqda qida maddələri və su, torpağın səthində isə toxumdan alınan zərif cücərtilər və körpə bitkilər üçün işıq uğrunda mübarizədə rəqabət təşkil edirlər. Səpin və əkin şöbələrində alaq otlarının yayılması torpağa ve-rilən gübrələrin və suvarmanın səmərəsini aşağı salır və bunun nəticəsi olaraq becərilən əkin materialının inkişafına mənfi təsir göstərir, keyfiyyətini pisləşdirir, tingliyin faydalı sahəsindən standart əkin materialı əldə olunmasını aşağı salır.Bütövlükdə bitkiçilikdə olduğu kimi, tinglikdə də alaq otları ilə mübarizə daha çox əmək və vəsait tələb edən aqrotexniki tədbirlərdən hesab olunur.