Lentlərlə səpin. Daha geniş tətbiq olunur, torpaq hazırlığı həyata keçirilmiş sahədə səpin eni 1,5 m olan lentlərdə aparılır. Hər lentdə 0,8-1,0 m enində səpin aparılır, 0,7-0,5 m isə lentarası məsafə saxlanılır (Şəkil 3.1).
Qərzəkli meyvə bitkiləri üçün lentdə 3-4 sətirli səpin sxemləri tətbiq olunur:
+25+25+25+75 (+15+45+15+75) və
+40(50)+40(50)+70 (50).
Sxemdə “+” işarəsi ilə səpin sətirləri (“+” işarəsinin miqdarı səpin sətirlərinin sayını göstərir), rəqəmlərlə lentdə sətirarası məsafə (15, 25, 40, 45 və 50 sm), o cümlədən sonuncu rəqəmlə lentarası məsafə (50, 70 və 75 sm) göstərilmişdir.
Lentlərdə səpin apardıqda eni 1,5 m olan lentlərin 0,8 -1,0 m-lik hissəsində 3-4 səpin sətrində səpin aparılaraq 0,50-0,75 m lentlərarası məsafə saxlanılır. Mexanikləşdirilmiş becərmə üçün nəzərdə tutulur (Şəkil 3.1)
Şırımlarda səpin ənənəvi və sadə səpin üsulu olub geniş tətbiq olunur. Bütün sahə boyu aqreqat maşınların köməyi ilə ara məsafəsi 0,5 m olan şırımlar açılaraq eyni zamanda elə həmin aqreqatın köməyi ilə açılmış şırımın hər poqon metrinə 5 ədəd toxum basdırılır. Hektarda şırımların poqonajı 20 min m (20 km) olub hektarda 100 min ədəd standart, calaqaltının, yararlı tumsarların becərilməsinə nail olunur. Bütün becərmə və əkin materialının qazılma prosesinin mexanikləşdirilməsi mümkün olur.
3.3.1. Səpinlərin aparılması müddəti
Qərzəkli meyvə bitkilərinin toxumu yazda və payızda səpilir. Əksər cinslərin toxumları tədarük olunduqdan dərhal sonra nəm torpağa səpilməsi məqsədə uyğundur. Belə olduqda toxumların xüsusi şəraitdə saxlanılması, yazda isə onların səpinə hazırlanması (stratifikasiyası) tələb olunmur. Uzun müddətli stratifikasiya tələb edən cinslərin toxumunu (fındıq, cəviz, badam, püstə və s.) yığan kimi erkən payızda səpmək daha faydalıdır. Qərzəkli meyvə bitkilərinin becərilməsi üzrə ixtisaslaşmış rayonlarda payız səpinləri yaxşı nəticə verir. Yazda əsasən stratifikasiya olunmuş toxumları səpirlər.
3.3.2. Səpin normaları və səpinin dərinliyi