2. İstənilən mövcüd kasetin tutumunu (yuvaların sayını) 6,75 vurmaqla hər bir kaset üçün 1 m2 sahədə becərilən toxmacarların sayı müəyyənləşdirilir.
3. Yuvalarının sayı 64 olan Plantek 64 FD kasetlərindən istifadə etdikdə 10 m2 sahədə becərilən toxmacarların miqdarı olacaqdır: 432x10 = 4 min 320 ədəd.
Həmin miqdarda əkin materialının becərilməsinə tələb olunacaq kasetlərin miqdarı:
105 : 38,52 = 67,46≈68 kaset
4. Calaqaltı məqsədilə yetişdirilən saqqiz ağacı üçün yuvalarının sayı 49 olan Plantek 49 FD kasetlərindən istifadə etdikdə 10 m2 sahədə becərilən tumsarların miqdarı olacaqdır:
330x10 = 3 min 300 ədəd toxmacar.
Həmin əkin materialının becərilməsi üçün yenə 68 kaset tələb olunacaq.
3.7. Əkin materialının becərilməsinə dair müasir texnologiyalar. Qərzəkli meyvə bitkilərinin in vitro qidalı mühitdə mikroklonal çoxaldılması
Klonlaşdırma (ingil. cloning, yun. κλων - “budaqcıq, zoğ, bic”) - geniş mənada - hər hansı bir orqanizmin istənilən miqdarda tam oxşarının yaradılmasını, təkrarlanmasını nəzərdə tutur. Klonlaşdırma nəticəsində alınan nəsil (onların hər biri və ya məcmusu) klon adlanır.
Kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılması sahəsində biotexnologiyanın ən son nailiyyətlərindən sayılan hüceyrə və gen mühəndisliyi metodları, bitkilərin hüceyrə və toxuma kulturası (bitkilərin hüceyrə və toxuma üsulu ilə mikroklonal çoxaldılması) mühüm əhəmiyyət kəsb edir. Ali bitkilərdə, o cümlədən ağac və kol bitkilərində tətbiq olunan ilk müasir biotexnologiya metodu klonlaşdırmadır.
Bitkilərin mikroklonal üsulla çoxaldılmasına ötən əsrin ortalarında fitohormonlara dair tədqiqatların nəticələri əlverişli şərait yaratdı. Elmi axtarışlar nəticəsində məlum olmuşdur ki, hüceyrələrin differensasiyasını (yeni yaranan hüceyrələrin toxumalara qoşulması, yaratması) və bitkilərin inkişafını, bütövlükdə, bitki hormonlarının səviyyəsi – onların miqdarı və nisbəti tənzimləyir. Bu elmi kəşf bitkilərin tək-tək və ya differensləşməmiş kallus hüceyrələrinin çoxalması, morfogenezi və regenerasiyası üçün in vitro şəraitinin (içərisində qidalı məhlul olan şüşə kolba və ya sınaq borusu, İn vitro - lat. vitrum- "şüşə", azərb. şüşənin içində deməkdir) yaradılmasına imkan verdi. Bitki hüceyrələrinin çoxalmasının, inkişafının və diferensiasiyasının (profilasiyası - toxumada mövqe, profil tutması) hormonlar tərəfindən tənzimlənməsinin müəyyən edilməsi in vitro şəraitində bitkilərinin mikroklonal üsulla artırılması üçün şərait yaratdı. Bir çox kənd təsərrüfatı bitkilərinin (tütün, kartof, pomidor, üzüm, gilas, badam, zeytun, cəviz və b.) mikroklonal üsulla in vitro şəraitində artırılması üçün hal-hazırda qidalı məhlulun tərkibi və hormonların nisbəti təyin olunmuşdur.
Hüceyrə (toxuma) kulturası üsulu ilə mikroklonal çoxaltmanın xüsusiyyəti bitki hüceyrəsinin regenerasiya (orqanizmin itirilmiş orqanlarının bərpa olunması) xassəsi olub mahiyyəti təyin olunmuş mühitdə və tənzimlənən şəraitdə bütöv bitkinin hüceyrədən bərpa olunmasıdır. Hər bir bitki hüceyrəsində profilasiya üçün genetik informasiya mövcuddur və bu fenomen bitkilərin mikroklonal üsulla çoxaldılmasının əsasını təşkil edir. Bitkilərin mikroklonal üsulla çoxaldılması texnologiyası bir çox üstünlüklərə malikdir.