Bağ sahəsi yaşayış yerlərinə yaxında seçilməlidir ki, istehsalın təşkili, əmək ehtiyatlandan, texnikadan istifadə səmərəli olsun, məhsulu vaxtında və itkisiz yığmaq mümkün olsun.
Eyni zamanda təbii şərait amillərinə də xüsusi diqqət yetirilməlidir ki, bağın uzun müddət və məhsuldar fəaliyyət göstərməsi təmin olunsun. Bunları nəzərə alaraq bağ üçün sahə seçərkən aşağıdakı iki şərait nəzərə alınmalıdır:
4.2.1. Təbii şərait
Relyef. Bağın inkişafı və ağacların bol və yüksək keyfiyyətli məhsul verməsi ərazinin relyefindən asılıdır. Relyefin müxtəlifliyi həm mikroiqlim və həm də torpaq şəraitinə təsir göstərir [7,8].
Dəniz səviyyəsinə görə mütləq yüksəklik (DSMY). Yüksəklik dəyişdikcə hava şəraiti, torpaqların tipi və keyfiyyəti müəyyən qədər dəyişir. Müəyyən olunmuşdur ki, hər 100 metr yüksəkliyə qalxdıqca havanın orta illik temperaturu 0,5 °C aşağı düşür, vegetasiyanın davametmə müddəti 5 gün azalır, yağıntıların miqdarı isə nisbətən artır. Yüksəklik artdıqca meyvələrin yetişməsi ləngiyir, keyfiyyət göstəriciləri az da olsa aşağı düşür.
Dağlıq və dağətəyi rayonlarda, müəyyən hüduda qədər temperatur rejimi düzən rayonlara nisbətən daha sabit olduğundan, ağaclar qışa davamlı olur. Düzən yerlərə nisbətən yamaclarda axırıncı yaz şaxtalarının qorxusu az olur. Qapalı yarğan və dərələrdə soyuq hava durğunluğu yarandığından belə yerlər bağ üçün əlverişli deyil.
Yamacın yuxarı hissəsində torpaq yuxa (nazik), az münbit, aşağı hissəsində isə daha qalın və münbit olur. Cənubun quru iqlim şəraitində, xüsusən suvarma mümkün olmayan yerlərdə bağ salmaq üçün yamacların cəhətlərinin böyük əhəmiyyəti vardır. Müxtəlif cəhətlərə meyilli yamaclar müxtəlif cins və sortlar üçün müxtəlif dərəcədə yararlı ola bilər.
İstiyə tələbkar və quraqlığa davamlı cinslərin (badam və püstə) cənub (qərb, cənub-qərb, cənub-şərq) yamaclarda, rütubətə tələbkar cinslərin (cəviz, fındıq, şabalıd) isə şimal (şərq, şimal-qərb, şimal-şərq) yamaclarda yerləşdirilməsi tövsiyə edilir.