Əsas və tozlayıcı sortlar eyni keyfıyyətli olduqda, onlar sərnədə eyni nisbətdə yerləşdirilir.
Tozlayıcı və əsas sortlar sərnədə müxtəlif sxemlərlə yerləşdirilir [7,8].
Blok tipli yerləşmə. Hər sərnədə hər 100-150 m-dən bir köndələn yollar çəkilir. Tozlayıcı sortlar yolların hər iki tərəfində və sərnələrin dövrəsi boyu əkilir. Belə yerləşmə özübarlı sortlar üçün əlverişlidir.
Enli zolaqlı yerləşmə. Özübarlı və qismən özübarlı sortu 8-10, bəzən 20 cərgədən ibarət olan zolaqlarla yerləşdirir, arada bir cərgə tozlayıcı sort yerləşdirib yenidən zolaqlar təkrar olunur. Bu halda tozlayıcıya yaxın cərgələr məhsulla daha çox, kənar cərgələr isə nisbətən az yüklənir.
Köndələn cərgələrlə yerləşmə. Tozlayıcı sortlar əsas sortun cərgələrində hər 10-20 ağacdan bir əkilir. Bu halda tozlanma yaxşı gedir, lakin məhsul yığımı çətin olur. Özübarsız və qismən özübarsız sortlar üçün əlverişlidir.
Dağınıq yerləşmə. Hər 3-5 cərgədən bir 3-5 ağac tozlayıcı sort əkilir. Belə ağaclar cəmi ağacların 5-10%-ni təşkil edir. Tozlanma yüksək dərəcədə keyfiyyətli olur. Çox qiymətli olan özübarsız sortlar üçün tətbiq olunur.
Bağ salarkən çox sortluluq mühüm amildir. Bu halda çarpaz tozlanma imkanı artır, işçi qüvvəsindən səmərəli istifadə olunur. Lakin həddən artıq çox sortluluq da mənfi nəticə verir. Bir təsərrüfatda bütün rayonlaşdırılmış sortlar yox, konkret şəraitdə daha keyfıyyətli və sabit məhsul verən sortlar seçilir. İri əmtəəlik bağ salarkən bir sortlu meyvə istehsalının həcmi minimum 500 t, maksimum isə 3000 t olmalıdır. İntensiv tipli qərzəkli meyvə bağında bir sortun sahəsi (orta məhsuldarlığı 20-30 t/ha olan) minimum 25 ha, maksimum 100 ha olduqda yüksək iqtisadi səmərəlilik əldə olunur [7,8].
Sortlar sərnələrdə yetişmə vaxtlarına görə ayrıca yerləşdirilməlidir. Ümumiyyətlə, bağ massivinin kənarlarında yerləşən sərnələrdə tez yetişən cins və sortlar, təsərrüfat mərkəzinə yaxında isə gec yetişən cins və sortlar yerləşdirilir. Bu halda məhsul yığımının və onun qorunmasnın təşkili səmərəli həyata keçirilir.
4.3. Meyvə bağının salınması
4.3.1. Bağ sahəsinin təşkili
Torpağın hazırlanması. Meyvə bitkiləri əkildikləri yerdə uzun illər qaldığından onlar üçün torpağın qabaqcadan yararlı hala salınması vacib əməliyyatdır. Bu əməliyyat torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini yaxşılaşdıran aqrotexnoloji tədbirlər kompleksini nəzərdə tutur. Buraya sahənin düzləndirilməsi, dərin plantaj şumu, gübrələmə, dik yamaclarda relyefin səkilər (terraslar) düzəltməklə nizamlanması, suvarma və drenaj sistemlərinin təşkili və s. aid edilir.
Sahə nisbətən düzəndirsə burada yüngül nizamlama aparılır, çökəkliklər və dikdirlər hamarlamr. Nizamlamanın dəqiqüyi ±5 sm təşkil etməlidir.
Ümumiyyətlə suvarmanı və havalanmanı nəzərə alaraq sahənin mailliyi 0,002-0,007 (hər km-ə 2-7 m-ə qədər enişli) hesab olunur.