Qoruyucu meşə zolaqlarının mühafizə etdiyi məsafədən sonrakı sahə, hakim küləklərin təsirinə məruz qalmasın deyə, bağın daxilində hakim küləklərə köndələn istiqamətdə küləkqırıcı xətlər salınır. Bu xətlər sərnələrin sərhədləri boyu yolların yanında və yaxud ana yolların mərkəzindən, yolu ikiyə bölməklə, bir və ya ikicərgəli y aradılır.
Küləkqırıcı xətlərdə ensiz və yığcam, ehram formalı çətir yaradan ağaclardan (həmişəyaşıl sərv, ehramvari qovaq, göyrüş, pekan) istifadə edilir.
Qoruyucu meşə zolaqları təbii qorunacağı olan sahələrdə yalnız sahənin qorunmayan tərəfindən, təbii qorunacağı olmayan sahələrdə isə bağın bütün cəhətlərində salınır.
Bağ qoruyucu meşə zolaqları bağ salınmazdan azı 2-3 il əvvəl salınmalıdır. Becərməni maşınlarla aparmaq üçün cərgəaraları 2,5-3 m verilir. Bitkiaraları, ağaclar üçün 1-2 m (cəviz üçün 5-6 m), kol bitkiləri üçün 0,5-0,6 m verilir. Maşınların hərəkətini və normal havalanmanı təmin etmək üçün sərnələrin küncündə meşə zolaqları və küləkqırıcı xətlərdə 8-10 m enində boşluq (keçid) qoyulur.
Meşə zolaqları adi halda 3-4 cərgəli, güclü küləklərə məruz qalan sahələrdə isə 4-5 cərgəli olur. Təbii qorunacağı olan sahələrdə cərgələrin sayı 2-3 ədəd ola bilər.
Bağ qoruyucu meşə zolağı salınacaq sahələrdə torpağı bağda olduğu qayda ilə hazırlayır və sahə yaxşı gübrələndikdən sonra 1-2 illik sağlam və yaxşı boya malik bitkilər əkilir. Sonrakı qulluq işləri - cərgəarası torpağın becərilməsi, ağacların suvarılması, onların vaxtaşırı budanması, xəstəlik və zərərvericilərlə müntəzəm mübarizədən ibarət olur.
Suvarılan şəraitdə əgər yerüstü axımla suvarma aparılacaqsa, o zaman yerin mailliyinə uyğun olaraq magistral suvarma arxı (şırımı) sərnələrin sərhədi boyu, qoruyucu meşə zolağının kənarı ilə çəkilir. Müvəqqəti suvarma arxları sərnə daxilində, yol ilə cərgə arasından çəkilir. Qapalı su boruları tətbiq etməklə torpaqaltı, damcı və ya süni yağış yağdırma ilə suvarma apardıqda texniki imkanlar əsas götürülür.
Təsərrüfat tikintiləri onun qonşu təsərrüfatla sərhədlərində, ana yolun kənarında, yaşayış qəsəbələrinə yaxın yerdə yerləşdirilir. Belə tikintilər 0,2 ha-ya qədər sahə tuta bilər. Bağın magistral yola çıxış zonasında meyvə saxlayıcıları, ilk emal müəssisələri və mərkəzi təsərrüfat binaları yerləşdirilir.
Qərzəkli meyvə bağında yollar, meşə zolaqları və yardımçı sahələr cəmi sahənin 15-20-i %-nə qədər təşkil etməlidir.
4.3.2. Bağın salınması və ağacların bağda yerləşdirilməsi
Ağacları bağda elə yerləşdirmək lazımdır ki, onların bütün istismar dövründə normal böyümə və məhsul vermələri üçün optimal şərait yaransın (Şəkil 4.3). Bu məqsədlə bir sıra əkin sxemlərindən istifadə olunur.
Kvadrat əkin sxemi. Cərgəarası və bitkiarası məsafəsi eyni olan əkin sxemidir. Bu sxemin üstün cəhəti bağda torpağın hər iki istiqamətdə becərilməsidir (Şəkil 4.4). Mənfi cəhəti isə hektarda bitkilərin sayının az olmasıdır. Belə əkin sxemindən intensiv bağlarda istifadə olunduqda, cərgə və bitkiaraları 6-8 m verildikdə ağaclar kürə şəkilli çətir formasında, 6 m-dən az olduqda isə qabaqca kürə, sonralar isə şaquli yastılaşdırılmış çətir formasında becərilərək cərgədə ağacların çətirləri bir-birinə birləşdirilir.