Əkin sxemlərindən asılı olaraq bitkilərə verilən qida sahəsi müxtəlif olur. Qərzəkli meyvə bitkiləri əsasən düzbucaqlı və onun xüsusi halı olan kvadrat üsulda əkilir (Cədvəl 4.1).
Dağlıq rayonlarda eyni bir sort, aran yerlərinə nisbətən daha yığcam çətirli və zəif boylu olur. Ona görə də dağlıq rayonlara nisbətən aran rayonlarında meyvə bitkilərinə verilən qida sahəsi çox olur. Nazik şum qatına malik, az humuslu və zəif münbit, suvarılmayan torpaqlarda meyvə bitkiləri nisbətən zəif boya malik olur. Belə torpaqlarda qida sahəsi, dərin şum qatına malik, münbit, suvarılan torpaqlara nisbətən az verilir.
Ümumiyyətlə əkililərin sıxlığından asılı olaraq ağacların, onlara verilən qida sahələrini əhatə etməsi və məhsula düşməsi vaxtı, həmçinin maksimum məhsuldarlığı, ağaclara qulluq və əkililərin məhsuldarlıq dövrü fərqlənir.
№ | Qərzəkli meyvə bitkisinin növü |
İntensiv bağlarda (qısa boylu calaqaltı, zəif boylu sortlar |
Ekstensiv bağlarda (ucaboylu calaqaltı, ucaboylu sortlar |
||
Əkin sxemləri, m |
Qida sahəsi, m2 | Əkin sxemləri, m |
Qida sahəsi, m2 | ||
1 | Fındıq | 5x5; 5x6; 6x6 | 25; 30; 36 | 6x7; 7x7; 8x8 | 42; 49; 64 |
2 | Cəviz | 5x7; 6x8; 5x10; | 35; 48; 50 | 10x10; 12x12 | 100; 144 |
3 | Püstə | 3x5; 5x5; 5x6; | 15; 25; 30 | 6x8; 5x10 | 48; 50 |
4 | Şabalıd | 6x8; 10x10; | 48; 100 | 12x12; 14x14 | 144; 196 |
5 | Badam | 4x5; 5x6; 6x6 | 20; 30; 36 | 6x8; 5x10; 8x8 | 48; 50; 64 |
6 | Pekan | 4x7; 5x10 | 28; 50 | 8x8; 10x10 | 64; 100 |
Cədvəl 4.1. Qərzəkli meyvə bitkilərinin əkin sxemləri və qida sahələri
Ayrılmış qida sahəsini tam mənimsəmək, sıx əkinlərdə ağacların hektarda artan miqdarına uyğun şəkildə tezləşir. Seyrək əkinlərdə isə bu, nisbətən uzun vaxt (10-20 il) tələb edir. Sıx əkinlərdə ağacların məhsula düşməsi 3-5 yaşından, seyrək əkinlərdə 8-10 yaşından, maksimum məhsuldarlıq sıx əkinlərdə 6-8 yaşında baş verir.
Seyrək əkinlərdə (Şəkil 4.6) ağacların budanmasını və gübrələməni 2-4 ildə bir dəfə aparmaq mümkün olduğu halda, sıx əkinlərdə budama, xəstəlik və zərərvericilərlə mübarizə, gübrələrin verilməsi hər il və vaxtında aparılmalıdır.
Sıx əkililərin yüksək məhsuldarlıq dövrü 15-20 il, seyrək əkililərin məhsuldarlıq dövrü isə 30-40 ildən 60 ilə qədər müddətdə davam edir.
4.4.1. Meyvə bitkilərinin əkilməsi
4.4.1.1. Meyvə bitkilərinin əkin yerinin nişanlanması
Əkin yerinin nişanlanması qəbul edilmiş qida sahəsinə müvafiq olaraq aparılır. Hər bitkinin yeri qabaqcadan qarğı və ya taxtadan düzəldilmiş, 40-50 sm uzunluqda payalarla (mıxçalarla) nişanlanır. Nişanlama, yerin relyefindən asılı olaraq müxtəlif üsulla aparılır.