5.1. Cavan bağa qulluq
Cavan bağda olan bitkilər məhsuldar bağda olan bitkilərdən güclü vegetativ inkişafı ilə fərqlənirlər. Bu dövrdə həm yerüstü hissədə və həm də kök sistemində bitkilər onlar üçün ayrılmış atmosferi və rizosferi tamamilə əhatə edirlər. Vegetativ boyla bərabər çətirin aşağı və mərkəzi hissəsindən başlayaraq vegetativ hissələr üzərində tədricən generativ hissələr, müxtəlif tipli meyvə budaqcıqları əmələ gəlir. Generativ hissələrin əmələ gəlməsi vaxtı və tempi sortun bioloji xarakterindən, calaqaltıdan başqa, həm də çətir formasından və budamadan asılıdır. Ona görə də məhsuldar bağdan fərqli olaraq, cavan bağda aqrotexnoloji tədbirlər kompleksinə ilk növbədə, formavermə və formaverici budama ilə yanaşı, cərgəaralanndan istifadə məsələləri də daxil edilir.
Yeni əkilmiş ağaclar itirilmiş köklərin bərpası üçün böyük diqqət və qulluq tələb edir. Ona görə də ağaclar əkildikləri il, cərgəarası qara herik altında saxlanır, ağaclar tez-tez suvarılır, alaqlarla və qaysaqla daim mübarizə aparılır, gövdə ətrafı sahə, su ilə az təminatlı yerlərdə müxtəlif materiallarla mulçalanır. Dağlıq rayonlarda isə gövdə əhənglə ağardılır ki, gün yanğısı baş verməsin. Cavan ağacların gövdələri zərif və şirəli olduğundan payızdan əkilmiş ağacların gövdələri müxtəlif gəmiricilər tərəfindən zədələnir. Bunun qarşısını almaq məqsədilə gövdə ətrafına günəbaxan yağı və sink fosfidlə qarışdırılmış qarğıdalı, arpa, vələmir dəni (hər kq dənə 30 qr yağ və 30-40 qr zəhər) səpilir. Belə aldadıcı yem gəmiricilərin yuvalarının ağzına qoyulur.
Gövdənin qoruyucu kağız-lent, tol, günəbaxan gövdəsi və s. materiallarla sarınması da onun gəmiricilərdən qorunmasına kömək edir.
5.2. Torpağın becərilməsi və ondan səmərəli istifadə (Cərgəarası və gövdəətrafı torpağa qulluq: malalama, kultivasiya və s., cərgəarası torpaqdan müxtəlif məqsədlərlə istifadə edilməsi)
5.2.1. Cavan bağda torpağin becərilməsi və torpaqdan istifadə
Ağaclar bağa əkildikdən sonra birinci il, cərgəaraları şum edilməklə, alaq otlarından azad qara herik altında saxlanır. Müəyyən olunmuşdur ki, ağaclar yeni əkildikdə onların kök sistemi 60 sm diametrində məsafə tutduğu halda, ikinci il bu 1,5 m-ə çatır və sonrakı hər ildə ağaclar tam məhsula düşənə qədər artım 50-60 sm təşkil edir.
Rütubətin buxarlanmasının qarşısını almaq və alaqlarla mübarizə məqsədilə erkən yazda cərgəaraları malalanır, yayda isə 8-16 sm dərinlikdə ФС-0,9 frezi qoşulmuş КСШ-5Б kultivatoru ilə becərilir (Şəkil 5.1). Cavan ağacların tutması və daha yaxşı inkişaf etmələri üçün gövdəətrafı mulçalanır. Bu məqsədlə peyin, çürüntü, saman, ağac kəpəyi, mulça kağızı və tol istifadə edilə bilər. Bu halda gövdə ətrafının bellənməsinə ehtiyac olmur.