5.2.2. Qərzəkli meyvə bitkilərinin qarışıq becərilməsi
Bağın salınmasında ən başlıca məsələ əkin sxeminin – qida sahəsinin düzgün seçilməsidir. Qida sahəsi qərzəkli meyvə bitkilərinin normal inkişafını və güclü inkişaf etmiş çətirinin formalaşmasını təyin etmiş olur. Qərzəkli meyvə bitkilərinin ağaclarının məhsuldarlığı və cətirin parametrləri (horizontal proyeksiyasının diametri, yan səthinin sahə vahidi, həcmi) arasında sıx korrelyasiya əlaqəsi mövcuddur. Açıq sahədə bitən qərzəkli meyvə bitkisi möhtəşəm kürə səkilli çətir yaradaraq yüksək məhsuldarlığı ilə fərqlənir. Əkin sxemləri həyatı boyu qərzəkli meyvə bitkilərini hər tərəfdən açıq olub bərabər qaydada işıqlanmasını təmin etməlidir.
Bara düşmüş bağlarda yüksək məhsul əldə etmək üçün optimal əkin sxemləri 10x10, 12x12 və 14x14 (16x16) m təşkil etməlidir. Torpaqdan səmərəli istifadəni nəzərə alaraq, cəviz bağlarının iki variant üzrə yaradılması mümkündür.
Variant I. Cəviz ağaclarında sabit baradüşmə 30 yaşdan sonra baş verir və həmin mərhələyə kimi torpaq səmərəsiz istifadə tapır. Bağın yaradılma sxemləri 5x5, 6x6, 7x7 və 8x8 m qəbul olunmaqla, 30-40 yaşa çatdıqda və çətirlərdə qovuşma müşahidə olunduqda seyrəltmə aparılaraq (aradan bir cərgə götürülərək) bağın sxemi tələb olunan optimal səviyyəyə çatdırılır. Bu mərhələyə qədər (10...30 yaş) ağacların sıxlığı hesabına hektarda məhsuldarlıq yuxarı olur.
Variant II. Bağ birbaşa seyrək sxem üzrə yaradılaraq (10...12x10...12 m) cərgəaraları digər meyvə cinslərindən istifadə olunmaqla sıxlaşdırılır. Səki-Zaqatala və Quba-Qusar bölgəsində sıxlaşdırıcı kimi cərgə aralarında fındıq kollarının əkilməsi daha məqsədəuyğundur. Cəviz aqacları 30-40 yaşa çatdıqda sıxlaşdırıcı cins ömrünü artıq başa vurmuş olur və sahədən götürülür.
Şabalıd bağlarının da qarışıq (fındıqla birgə, fındıqla sıxlaşdırılmış) şəkildə əkilməsi eyni qaydada həyata keçirilir.
5.2.3. Bağın (bağda ağacların) suvarılması (cavan bağda yerli şəraitdən və cinslərin tələbindən asılı olaraq suvarma normasının müəyyənləşdirilməsi, suvarmanın sayı və müddəti)
Suvarma üsulları ekoloji şəraitdən, su ehtiyatından, illik yağıntıların paylanmasından asılı olaraq müxtəlif ola bilir. Bu üsullardan hələ ki, təsərrüfatlarda daha geniş tətbiq ediləni torpaqüstü suvarmadır. Bu üsulda su, müxtəlif yollarla torpaq səthi ilə axıdılır.
Şırımlarla suvarma. Cərgənin uzununa, ağaclardan 70-80 sm aralı birinci və 60-100 sm aralı sonrakı şırımlar, 12-25 sm dərinlikdə olmaqla, КСШ-5Б və ya КСГ-5 kultivatoru ilə açılır. Hər şırımın uzunluğu 50-100 m olur. Su, bu şırımlara buraxılır. Sahə bərabər surətdə suvarılır. Lakin suvarmadan sonra cərgəaralarının becərilməsi çətinləşir.
Zolaqlarla suvarma. Cərgəaralarında eni 1,8-4,2 m olan 70-300 m uzunluğunda zolaqlar (ləklər) yaradılır. Su, bu zolaqlarla axıdılır. Bu üsul cərgəarası ot bitkiləri altında saxlandığı halda istifadə edilə bilər. Mənfi cəhəti həddindən artıq su sərfidir.
Dairələrlə (kasa) suvarma. Hər gövdəətrafında ağacın çətirinin diametrindən asılı olaraq, eni 2-6 m olan kasa düzəldilir. Su, paylayıcı şırımlarla bu dairələrə ötürülür və dairə dolduqdan sonra o, növbəti dairəyə yönəldilir.