6.2. Qərzəkli meyvə bitkilərinin xəstəlikləri (onların əsas xüsusiyyətləri, zərər formaları, zərər dərəcəsi və xəstəliklərlə əsas mübarizə tədbirləri: aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, seleksiya, bitki karantini və inteqrir üsullar)
6.2.1. Cəvizin xəstəlikləri
Cəviz ağaclarında 100-dən artıq zərərverici və xəstəlik aşkar edilmişdir ki, onlardan da yalnız bir neçəsi vurduğu ziyan təsərrüfat həddinə çatır. Zərərvericilər sırasında daha çox ziyan vuranı alma meyvəyeyəni və bakterioz xəstəliyidir.
Bakterioz (Xanthomonos juglandis Piens. /Xanthomonos campestris pv. Juglandis). Əsasən yarpaq, zoğ, meyvə, yarpaq və meyvə saplağı siyarətlənir, meyvənin və yarpağın üzərində kiçik tünd-qonur dəmgillər əmələ gəlir. Həmin dəmgillər inkişaf edərək yarpaq ayəsinin və ya yaşıl meyvənin səthinin böyük bir hissəsini tutur (Şəkil 6.2). Saplaq zədələndikdə yarpağın və meyvənin inkişafı dayanır, vaxtından əvvəl tökülməsi müşahidə olunur. Məhsuldarlıq və onun keyfiyyəti aşağı düşür.
Marsoniya və ya qonur dəmgil (Marsonina juglandis Magn.). Yarpaq ayəsini və saplağını, yaşıl zoğları və meyvəyanlığını (yaşıl qərzəyi) siyarətləndirir. Zədələnmiş yar-paqların və meyvələrin üzərində dairəvi qonur rəngdə, kənarları tünd-palıdı rəngə çalan ləkələr-dəmgillər əmələ gəlir. Sonradan zədələnmiş hissələrdə göbələyin tünd-qonur rəngdə nöqtə şəklində spor yastıqcıqları yetişərək konsentrik dairələrdə yerləşirlər. Siyarətlənmə nəticəsində ağacın fotosintetik aktivliyi zəifləyir və bunun nəticəsi olaraq ümümi inkişaf aşağı düşür. Zədələnmiş meyvələrin tökülməsi, inkişafda geri qalması və keyfiyyətinin aşağı düşməsi bütövlükdə məhsuldarlığa təsir göstərir.