1.2. Cəviz
Cəviz (Juglans regia) (buna adi qoz, yunan qozu da deyilir, lakin bu adların heç birini əks etdirmir) öz fəsiləsinə (Juglandaceae A. Rich. еt Kunth.) mənsubdur. Fəsiləyə 8 cins və 50-dən artıq növ daxidir ki, onlarında əksəriyyəti Şimal yarımkürəsinin mülayim və subtropik zonasında təbii yayılmaqla yalnız bir neçə növ Cənubi Amerikada And dağlarında yayılmışdır. Fəsiləyə (ailəyə) adının verilməsi fəsilədə qoz cinsinin əhəmiyyətini və vacibliyini bir daha vurğulayır. Cinsə (Juglans L.) 21 növ daxildir ki, onların da hamısının meyvəsinin (yalançı çəyirdəyinin) yeyilən ləpəsi olub biri-birindən yalnız ləpə çıxımına (%-lə) və ləpənin qabıqdan ayrılma dərəcəsinə görə fərqlənirlər. Cinsə mənsub olan növlər sırasında, eləcə də fəsilədə (ailədə), bütövlükdə, keyfiyyətli və əmtəə göstəriciləri yüksək olan məhsulun əldə olunması üçün yalnız bir nov – cəviz (J. regia) dünyada geniş miqyasda becərilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən dünyada cəviz (Şəkil 1.2) istehsalı 2010-cu ildə 1,5 mln. tonluq həddi keçmişdir. Hal hazırda ildə 2,0 mln. tondan artıq təşkil edir (Qrafik 1.1). Cəviz istehsalının 50% -ə qədəri ÇXR-nın (Çin Xalq Respublikasının) payina duşur. ABŞ, İran və Türkiyə qoz (cəviz) istehsalında aparıcı yerlərdən birini tuturlar. Nisbətən mülayim qoz istehsalı (ildə 30 min tona yaxın) Hindistanın və Fransanın payına düşür. İspaniya, Yunanıstan və Macarıstan dünyada əsas qoz istehsalçısı olan ölkələr siyahısını tamamlayırlar (15-25 min ton).