Qərzəkli meyvə bitkiləri məhsulu tədarük olunduqdan sonra ehtiyac olarsa (torpaqdan toplandıqda tozdan, qərzəkdən təmizləndikdə “gəzəl”-dən və s. təmizlənməsi) xüsusi çənlərdə qarışdırılaraq yuyulur və xüsusi stellajlarda (ləmə, rəf) talvarın altında qurudulur. Məhsulu günəş şüası altında qurutmaq olmaz.
Qərzəkli meyvə bitkiləri məhsulu yığıldıqdan sonra qısa müddətdə qurudulmalı, meyvədə rütubət qaldıqda acıyır, yaxşı havalanan quru anbarlarda eyni temperaturda saxlanılmalıdır ki, keyfiyyəti itməsin. Anbarda saxlanan məhsul (Şəkil 7.5) ayda 1-2 dəfə yaxşı qarışdırıl-malıdır, çünki dadını və rəngini itirir. Anbarda gəmiricilərin olmamasına xüsusi fikir vermək lazımdır, əks halda məhsulun çox hissəsi itirilə bilər.
7.5. Məhsul satışının təşkili. Bazar müşahidələri, müxtəlif satış kanalları, birbaşa və digər satış yollarının müəyyənləşdirilməsi
Qərzəkli meyvə məhsulunun satışının təşkili ilə bağlı bu gün elə bir problem yoxdur, çünki həm daxili, həm də xarici bazarda bu məhsula olan tələbat yüksəkdir. (Problem birdi – qərzəkli meyvə istehsalının artırılması).
Qərzəkli meyvə məhsulu istehsalına Dövlət dəstəyi və qayğısı nəticəsində artıq bölgələrdə, rayonlarda və iri yaşayış yerləərində qərzəkli meyvə məhsulunun emalı və qəbulu məntəqələri fəaliyyət göstərir.
Respublikanın iri şəhərlərində (Bakı şəhərində “ALMALI”, Gəncə şəhərində “GƏNCƏ SƏBƏTİ”, “ŞƏMKİR SƏBƏTİ” və s.) meyvə-tərəvəz, ocümlədən qərzəkli meyvələrin topdan satışı bazaları, bütün bazarlarda isə həm topdan, həm də pərakəndə satışı aparılır.
Qərzəkli meyvə istehsalçılarının birlikləri, assosiasiyaları, cəmiyyətləri yaradılır ki, onlar da məhsulun becəriləsi, toplanması və bilavasitə satışı məsələlərinin həllində istehsalçılara yardım göstərir. Buna misal olaraq “Fındıq Yetişdirənlər Assosiasiyası” -nı göstərmək olar.