Avropa ölkələri sırasında qoz istehsalı sürətlə Ukraynada artmaqda olub bu göstərici artıq ildə 100 min tonluq həddi keçmişdir. Moldovada bu göstərici ildə 30 min ton, qonşu Gürcüstanda isə 12...15 min ton təşkil edir.
Azərbaycanda qoz istehsalı illər üzrə 8...11 min ton arasında dəyişir və ən yüksək göstərici - 11 min ton 2015- ci ildə müşahidə olunmuşdur (mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi, 2018).
FAO-nun məlumatına əsasən hal hazırda dünyada cəvizə olan tələbat 6 mln. tondan çoxdur. İllik istehsalın 2,0 mln. ton olması nəzərə alınsa, mövcud defisitin aradan qaldırılması qoz istehsalının 3 dəfə artrılmasını tələb edir. Təkcə Avropa ölkələri bazarında qoza olan tələ-bat 280-300 min tondan artıqdır. Aparıcı qoz istehsalçısı olan ölkələrdə bağlarda məhsuldarlıq 2,5 ton təşkil edir. ABŞ-da isə qoz bağlarında 4-5 yaşında məhsuldarlıq 0,5-0,6 ton olub orta məhsuldarlıq (bara düşdükdən sonra) 3,5 ton səviyyəsində qiymətləndirilir. Sənaye əhəmiyyətli intensiv bağlarda qozun potensial məhsuldarlığı hektarda 6,0 tondan yüksəkdir. Avropa bazarında qozun satış qiyməti hər kiloqram üçün 4-5 € və ləpə üçün isə 18-22 € olması qoz istehsalının gəlirli sahə olduğunu təsdiqləyir.
Azərbaycanda bu gün daxili bazarın cəvizə olan tələbatı demək olar ki, ödənilmir. Respublikada qoz həm təbii həm də müxtəlif təyinatlı əkinlərdə geniş yayılmışdır. Rəsmi statistikaya görə 2016-cı ildə respublikada 3063,6 ha bar verən yaşda olan qoz əkinləri qeydə alınmışdır və həmin ildə məhsuldarlıq 30,4 s\ha olmuşdur (mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi, 2018).
Qoz ağacları respublikanın əksər bölgələrində həyətyanı sahələrdə tək-tək və qrup şəklində əkilib-becərilir. Hal-hazırda respublikada qoz istehsalında özəl sektor aparıcı yer tutur. Məhsul əsasən həyətyanı sahələrdən, yol kənarında və təbii bitən qoz ağaclarından tədarük olunur. Meşə əkinlərində qoz ağaclarının məhsuldarlığı zəifdir.
Son illərdə respublikanın müxtəlif bölgələrində əsasən Türkiyədən gətirilən əkin materialı hesabına geniş sahələrdə cəviz bağları yaradılır.
Azərbaycanın bioiqlim potensialı qoz istehsalını ən azı 3-4 dəfə artırmaq imkanına malikdir. Həmin potensial respublikada qozun bitməsi və məhsul verməsi üçün əlverişli torpaq-iqlim şəraitinin olmasından və qozun zəngin genofondundan irəli gəlir. Hər iki potensialdan səmərəli və elmi cəhətdən əsaslandırılmış qaydada istifadə həyata keçirilərsə yaxın vaxt ərzində respublikada qoz istehsalını ildə 35...40 min ton həddınə çatdırmaq mümkündür.
Yaxın gələcəkdə respublikada 10 min hektarda yeni sənaye əhəmiyyətli qoz bağlarının yaradılması nəzərdə tutulur.
1.2.1. Cəvizin təsərrüfat əhəmiyyəti
Cəviz meyvələrinin, ləpəsinin (Şəkil 1.3), oduncağının, ağacının dekorativlik və bir sıra faydalı xassələrinə görə qərzəkli meyvə bitkiləri sırasında xüsusi yer tutur. Qəbul olunmuş fizioloji qida rasionunda adambaşına ildə 75-80 kq meyvə norması nəzərdə tutulur. Bundan yalnız ildə 3,6 kq cəvizin payına düşür (ümümi rasionda 5%-ə qədər).