Güney Qafqazda ilk dəfə iri miqyaslı qoz əkinləri XIX əsrin ikinci yarısında Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Balakən-Qəbələ şose yolu boyunca uzunluğu 250 km olan xiyaban şəklində yaradılmışdır.
İstehsalatda cəviz əkinlərinin yaradılmasına Respublikada ötən əsrin 30-cu illərində başlanmış və 1932-34-cü illərdə ilk əkinləri Quba, Qax, Zaqatala meşə təsərrüfatlarının ərazilərində yaradılmışdır. Bu gün respublikada müxtəlif təyinatlı qoz əkinlərinin sahəsi 25 min hektardır. Lakin, onların tərkibində yüksək meyvə məhsulu əldə etmək üçün intensiv texnologiya üzrə yaradılmış qoz bağları azlıq təşkil edir (3 min ha qədər).
1.2.3. Cəvizin çiçəklənməsi və
meyvəverməsinin biologiyası
Cəviz qoz fəsiləsinin (Juglandaceae) qoz cinsinə (Juglans) aid olub boyu 30...40 m-ə, diametri isə 1,5...2,0 m-ə çatan ucaboylu, geniş çətirə malik möhtəşəm ağacdır. Cavan zoğları (1-2 illik) yaşmtıl-qonur rəngdə, içi boş pilləli arakəsməlidir (Şəkil 1.9). Qabığı açıq-boz rəngdə olub cavan yaşda hamar, sonralar isə gövdənin aşağı hissəsindən uzununa çatlar yaranar. Yaşlı ağaclarda gövdə tünd-qonur rəng alaraq eninə və uzununa çatlarla örtülür.
Çətiri kürə və ya kümbəz şəkilli olub açıq sahədə bitdikdə adətən çətirin proyeksiyası (diametri) ağacın hündürlüyünə bərabərdir. Çətirin inkişafi bilavasitə məhsuldarlığı təyin edir və bu iki göstərici arasında sıx əlaqə mövcuddur. Bir qayda olaraq çətrin inkişaf göstəricilərinin artması eyni qaydada məhsulun artmasında əks olunur.
Yarpaqları mürəkkəb tək lələkvari olub 5-11 yarpaq (yarpaqcıq) ayasından ibarətdir. Yarpaq ayasının kənarları hamar, çılpaq olub üstdən nisbətən tünd, altdan isə nisbətən açıq-yaşıl rəngdə olur. Ən iri yarpaq ayası lələkdə tək yerləşəndir. Yarpaqları zoğda növbəli yerləşir və qoz ağacına xas olan yuqlon ətirlidir. Ömrü 250-300 il olur.
Qoz birevli iki cinsli bitki olub ağac daxilində generativ (cinsiyyət) orqanları ayrılıqda yerləşir (Şəkil 1.10). Erkəkcikləri xüsusi sırğalarda, dişicikləri (meyvə çiçəkləri) isə ötənilki zoğların təpə tumurcuqlarından əmələ gələrək tək-tək və ya bir neçəsi (5-ə qədəri, 5-dən artıq olduqda isə salxımvari formaya aid edilir) birlikdə yerləşir. Sırğaları və dişi çiçəkləri cari ilin zoğlarında bir il əvvəl formalaşır. Sırğalar zoğun yan tərəfində tək-tək, ikisi birlikdə alt-üst, ya da bir ədəd vegetativ tumurcuq, onun altında isə sırğa yerləşir (Şəkil 1.11).
Çiçəkləmə yarpaqlama ilə eyni vaxtda müşahidə olunur. Sırğalar yetişdikdə-tozladıqda uzunluğu 10...20 sm, diametri isə 1 sm-ə qədər olur. Sırğalar yetişdikdə tozcuğu külək vasitəsi ilə uzaq məsafəyə yayılır (10 km-ə qədər).