Hər il bar verir. Bir ağacın məhsuldarlığı orta hesabla 150-200 kq-dır. Meyvəsi orta böyüklükdə olub, dəyirmi formadadır. Qabığı nazik, açıq rəngdədir. Ləpə çıxımı 48,5%, yağlılığı 69,8%-dir.Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
1.2.6.2. Cəvizin seleksiya sortları
Camal. Sort Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Çayçılıq İnstitutunun(AzETB və Çİ) Zaqatala Dayaq Məntəqəsində yetişdirilir. Ağacı ortaboylu (10-15 m), çətiri enli, dəyirmidir. Yarpaqlanması sıx, dəyirmi yumru formadadır. Bir ağacın məhsuldarlığı 100-140 kq-dır. Meyvəsi eyni böyüklükdə, eyniformada, nisbətən xırdadır. Bir meyvənin kütləsi 8-8,5 qr-dır. Qabığı nazikdir, asan sınır, ləpəsi açıq qəhvəyi rəngdədir. Ləpəsi qabıqdan bütöv çıxır. Ləpə çıxımı 48%, yağlılığı 75%-dir. Oktyabrın birinci ongünlüyündə yetişir. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır [4].
Forma 40. Sort Zaqatala rayonunda seçmə yolu ilə əldə edilmişdir. Ağacı hündürboylu, geniş çətirlidir. Meyvəsi yumru, qabırğası enli və dikdir. Təpəsi və oturacağı yastıdır. Qabığı yumşaq, qırdıqda ləpəsi qabıqdan asan və bütöv çıxır. Qabığı nazik, enlidir. Ləpəsi ağ, nisbətən sarımtıldır. Yağlılığı 70%, ləpə çıxımı 52%, bir meyvənin kütləsi 15 qr-dır.
Forma 39. Sort Azərbaycan ETB və Çİ-nin Zaqatala Dayaq Məntəqəsində becərilir. Meyvəsi sentyabrın sonunda yetişir. Orta böyüklükdə, ağ - sarımtıl rəngdədir. Ensiz qabırğalı, rəngi ağımtıldır. Bir meyvənin ağırlığı 12 qr-dır. Qabığı hamar, nazikdir. Rəngi açıq - sarı, asan sınır. Ləpəsi bütöv çıxır. Qabığın içəri tərəfi hamar, ləpəsi dadlı, açıq - sarı rəngdə, yağlıdır. Ləpə çıxımı 54%-dir.
Alaviki. Sort Quba rayonunda becərilir. Ağacın hündürlüyü 20-25 m, eni 10 m-dir. Meyvəsi sentyabrın sonunda, oktyabrın əvvəllərində yetişir. Bu sortun meyvəsi hündür (2,63 sm), oturacağı dimdiklidir. Eni bir tərəfdən 3,5 sm, digər tərəfdən 2,8 sm, qabığınqalınlığı 0,25 mm, ləpənin hündürlüyü 2 sm, eni 1,8 sm-dir. 25 yaşlı bir ağacın məhsuldarlığı 200-250 kq-dır. Ləpəsi dadlı, rəngi ağdır. Bir ləpənin kütləsi 7,9 qr-dır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.