1.3. Pekan
Pekan cəviz (Juglandacea Lindl.) fəsiləsinin Carya Nutt. cinsinə aiddir. Cins Şimali Amerikada, ABŞ-ın şimal-şərqində və qismən Çinin (ÇXR) Şərqində yayılan 20-ə qədər növü özündə birləşdirir. Bu növlər sırasında qərzəkli meyvə bitkisi kimi geniş istifadə tapan bir növdür – şirin və ya zeytunvari pekandır (Carya olivaeformis Nutt., Şəkil 1.19). Vətəni Şimali Amerikadır. Pekan yabanı halda Missisipi çayı boyunca yayılmışdır.
1.3.1. Pekanın təsərrüfat əhəmiyyəti
Pekan - (Carya olivaeformis Nutt.) öz vətənində (Şimali Amerika) böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir (Şəkil 1.20). Oduncağı yüksək qiymətləndirilir. Meyvəsinin (ləpəsinin) keyfiyyət göstəricilərinə, qidalılığına və faydalı xassələrinə görə cəvizdən heç də geri qalmır (4, 7, 8, 12).
Pekanın meyvəsi (Şəkil 1.21).qida maddələri ilə çox zəngindir.Onun meyvəsinin tərkibində 10,3% protein, 70,8% yağ, 14,5% sulu karbonlar vardır. Meyvəsi təzə halda əhali tərəfindən yeyilir və eyni zamanda qənnadı sənayesində istifadə edilir. Sənayedə pekanın ləpəsindən zeytun yağına bənzər şəffaf yağ istehsal olunur. Mülayim iqlimi olan yerlərdə pekan ağacı bəzək bitkisi kimi xiyabanlarda əkilir.