1.3.2. Başlıca bioloji və ekoloji xüsusiyyətləri
Pekan möhtəşəm, ucaboylu ağac olub hündürlüyü 30-60 m-ə çatır. Gövdəsi tünd-boz rəngli, sığallıdır. Yarpaqları enli zoğ üzərində qarşı-qarşıya düzülmüşdür.
Pekan birevli bitkidir. Çiçəkləri ikicinsli olub, erkək çiçəkləri sırğa şəklindədir. Çiçəkİəri keçən ildə əmələ gələn zoğ üzərində yarpaq qoltuğunda yerləşir. Budağın uc hissəsindəki tumurcuqların isə 3-4 ədədi bir yerdə topa halında dişi çiçəkləri əmələ gətirir. Tozlanma külək vasitəsilə gedir.
Meyvələri əksərən uzunsov, palıdı rəngli və nazik qabıqlıdır. Bəzi sortlarda meyvənin qabığı qalın olur. Pekanın oduncağı möhkəm olduğundan inşaatda işlədilir.
Pekan bitkisi 10-12 il sürətlə böyüyür, sonra get-gedə böyüməsi zəifləyərək bara düşür (Şəkil 1.22). Bu bitki 400-500 ilə qədər yaşayır. Tumurcuqlar 10-12-ci ildə, calaq olunmuş bitkilər isə 6-8-ci ildə məhsul verməyə başlayır. Çiçəkləmə mərhələsi mayın axırı, iyunun əvvəllərində gedir.
Erkək çiçəklər meyvə əmələ gətirən çiçəklərdən əvvəl açır. Bitkinin vegetasiya dövrü 215-220 gün çəkir. Pekan yüksək məhsul verən bitkidir. Lakin illər üzrə məhsuldarlıq kəskin dəyişə billər. Yetişdirildiyi bölgə və iqlim şəraitindən asılı olaraq 30 illik ağacın məhsuldarlığı 70-80 kq arasında tərəddüd edir[4,7,8,12].
Bu bitki mötədil isti, kifayət qədər nəmli (yağıntının miqdari 800-1100 mm) olan bölgələrdə daha yaxşı inkişaf edir və yüksək məhsul verir. Lakin bununla bərabər illik yağıntının miqdarı 500 mm olan bölgələrdə də kifayət qədər bar verir.
Pekan bataqlaşmış, zəif, qumsal torpaqlardan başqa digər torpaq tiplərində bitir. Şaxtaya nisbətən istiliyə daha dözümlüdür.