1.3.3. Azərbaycanda becərilməsi və sort bazası
Azərbaycana XX əsrin əvvəllərində introduksiya olunmuşdur. İlk dəfə 1909-cu ildə Lənkərana, 1934 ildə isə Abşerona, Zaqatala və Göyçay rayonuna gətirilmişdir. Hal–hazırda Lənkəran-Astara bölgəsində, Zaqatala rayonunda əkilib becərilir (Şəkil 1.23). Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Çayçılıq İnstitutunun Göyçay və Zaqatala Dayaq Məntəqələrində, habelə Mərdəkan Dendroloji bağında rast gəlmək olar (Şəkil 1.25 və 1.26).
Pekan bitkisi rütubətli və cəviz üçün əlverişsiz sayılan yerlərdə perspektivli qərzəkli meyvə bitkisidir (Şəkil 1.23).
Pekan bitkisi toxum və calaq vasitəsilə çoxaldılır. Toxumları payızda və yaxud da yazda sahəyə əkmək olar. Yazda əkiləcək toxumlar mütləq stratifikasiya edilməlidir.
Pekanın 150-yə qədər mədəni sortları məlumdur (Şəkil 1.24). Bunlardan ölkəmizdə ən çox yayılanı aşağıdakılardır.
Kurtis. Meyvəsi yumurtavari, konusşəkilli formada olub, uc tərəfi sivridir. Uzunluğu 3,3 sm, eni 2,2 sm, olub, qabığı nazik boz-qəhvəyi rəngdədir. Ləpəsi açıq səməni rəngdə olub, xoşa-gələn və ləzzətlidir. Çox məhsuldardır.
Stuart. Meyvəsi iridir, bəzən çox irimeyvəli formalarına da rast gəlinir(5,6x2,5 sm). Forması yumurtavari - silindrik olub, uc hissəsi kütdür. Qabığı orta qalınlıqda, boz - qəhvəyi rəngdədir. Ləpəsi dolu, açıq samanı rəngdə, zərif, xoşagələn dad xüsusiyyətinə malikdir(Şəkil 1.24).
Frotçer. Meyvəsi iri (4,6-3,8 sm), formaca yumurtavari -silindrikdir. Meyvənin əsası enli, uc hissəsi qısa, şişvaridir. Qabığı açıq - sarı qəhvəyi rəngdədir. Ləpəsi nisbətən bərk, quru olub, dadlıdır. Tezyetişən və məhsuldardır.
Mantura. Meyvəsi iri (5 sm), uzunsov - oval formalı, uc hissəsi sarıdır. Qabığı çox zərif, qırmızı - qəhvəyi rəngdədir. Ləpəsi dolu, tutqunsamanı rəngdə, şirin, ləziz dad xüsusiyyətinə malikdir. Şaxtayadavamlı olub, nisbətən şimal rayonlarında artırmaq üçün perspektivli sayılır.