Son illərin statistik məlumatlarına görə Respublikanın müxtəlif təsərrüfatlarında 55 min hektar fındıq bağı mövcuddur (2017). Azərbaycanda fındıqçılığı inkişaf etdirmək üçün olduqca əlverişli torpaq - iqlim şəraiti vardır. Yaxın gələcəkdə fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması nəzərdə tutulur.
1.4.3. Başlıca bioloji və ekoloji xüsusiyyətləri
Fındıq Corylus cinsindən olan bir evli bitkidir (Şəkil 1.28). Erkək və dişi çiçəkləri bir ağacda, lakin ayrı-ayrı (ayrılıqda) yerləşir (Şəkil 1.29). Fındıqlar ümumilikdə kol şəkilli olurlar, ancaq ağac kimi olanları da vardır (ayı fındığı - Corylus colurna). Bu ağac formalı fındıq Azərbaycanın Şəki-Zaqatala və Kəlbəcər meşələrində bitir. Kol şəkilli fındıqlar köklərindən çoxlu pöhrə verirlər. Zoğlarının rəngi bozdur. Yarpaqları böyük və dairəvidir, üzləri sərt, alt hissələri tüklüdür. Erkək çiçəkləri silindrik sırğadır. Çiçəklədikdə aşağı sallanırlar (Şəkil 1.30). Ağacın üzərində sentyabrda əmələ gəlirlər, lakin yanvardan marta kimi çiçəkləyirlər. Sırğaların üst tərəfində ayrı-ayrı erkək çiçəklər yerləşir. Bunların iki alt və iki üst ləçəkləri vardır. Erkəkcikləri dörddür. Hər erkəkcik ikiyə bölündüyündən 8 ədəd kimi görünür. Dişi çiçəkləri tək, iki və ya dörd ədəd olaraq bir yerə toplanmışlar. Dişi çiçəklər yumru düyməyə bənzəyirlər. Bunlar martda və ya dekabrda çiçəklədikdə qırmzı dişicikləri çölə çıxarırlar və erkəkciklərin havada uçuşan tozcuqları ilə mayalanırlar. Mayalanmış ciçəkdə meyvə əmələ gəlir. Bunlar çarpaz üsulla mayalanırlar. Fındıq meyvəsinin ətrafı yaşıl qaysaqla (qərzəklə) örtülüdür (Şəkil 1.28). Fındığın qabığı sərt olur; içindəki ləpə yağlıdır (Şəkil 1.30). Mövcud olan fındıqları aşağıdakı siniflərə bölürlər (4, 8, 12):