Ə.C.Rəcəbliyə (1966) görə, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində fındıq bitkisi yanvarın axırlarında, bəzən dekabrda və ya fevralda çiçəkləyir. Tozcuqlar havanın cərəyanı ilə uçur. Erkək və dişi çiçəklərin açılmaları bəzən eyni vaxta düşmür, bəzən əvvəl erkək çiçək və çox sonra isə dişi çiçəklər açılır. Erkək çiçəklərin sarı tozcuqları havaya yayılır və dişi çiçəklərin ağızcığına düşüb, onları tozlayırlar. Fındıq bitkisində mayalanma prosesi çox mürəkkəb olur. Çiçəkləmənin başlanğıcından mayalanmanın sonuna qədər 2-3 ay çəkir. Sortlardan asılı olaraq iyunun əvvəllərində meyvə əmələ gəlir. Bunun üçün fındıq bağı salınarkən gec çiçəkləyən sortlar tez çiçəkləyən sortlardan ayrı-ayrı yerlərdə əkilməlıdir.
Fındığın meyvəsi qərzəyin içində olur, zoğ üzərində tək-tək, yaxud topa şəklində əmələ gəlir, qabığı meyvə yetişənə qədər yaşıl qalır. Qərzəyin dadı turşməzə olmaqla qərzəyi sortlardan asılı olaraq müxtəlif formada olur. Qərzək fındığın üzərini ya tamamilə. ya da meyvənin dib hissəsini (kosa fındıq), ya da yarısını örtür. Fındığın meyvəsi sort və formalardan asılı olaraq yumuru, oval, silindrik, uzunsov, qabığının qalınlığı müxtəlif formada olmaqla sarı və ya tünd-darçını rəngdədir. Fındığın ləpəsi ağ, üzəri qırmızı və ya sarı rəngli örtüklə örtülmüşdür.
Azərbaycanda donlu fındıq (Corylus pontica C. Koch) və Kor fındıq (Corylus colurna L.) növlərinə rast gəlinir. Donlu fındıq meyvələrinin böyük və qərzəklərinin uzunvari şəkildə olması ilə fərqlənir. Saçaqlı, Qırmızı badam, Lombard sortları bu növə aiddir.
Kor fındıq birgövdəli ağac olmaqla, Şəki - Zaqatala bölgəsində meşələrdə yayılmışdır. Hazırda ABŞ-dan introduiksiya olunmuş sortların əksəriyyəti də bu zonada öyrənilir və kolları tək gövdəlidir. Kor fındıq tez və uzun müddət çiçəkləyir, yerli sortları asan tozlayır. Bu növə aid olan sortlar seleksiya məqsədi ilə istifadə olunan qiymətli sortlardır.
1.4.4. Azərbaycanda genofondu və sort bazası
Azərbaycanda becərilən fındıq sortları 3 qrupa bölünür [4]:
1. Yerli, ata-baba sortları;
2. İntroduksiya olunmuş sortlar;
3. Seleksiya nəticəsində əldə edilmiş sortlar.
Həmin sortlar barədə aşağıda məlumat verilir.
1.4.4.1. Yerli, ata-baba sortları
Ata-baba. Şəki-Zaqatala bölgəsində ən qədim zamanlardan becərilən xalq seleksiyası sortudur. Respublikamızda fındıq bağlarının 93%-ni təşkil edir. Kolları qüvvətli (8-10 m) çoxlu pöhrə əmələ gətirir, çətiri dəyirmi, sıx yarpaqlı, məhsuldar sortdur, bir koldan 16-20 kq məhsul toplanır. Pöhrələri ayırma üsulu ilə çoxaltdıqda 5-ci ildə bara düşür. Hər il məhsul verir [4,12].
Fındığı orta böyüklükdə, yumru formadadır. Qərzəyi meyvədən uzun, qabığı nazik, ləpə çıxımı 50%-dir. Ləpəsi dadlı, dolu və yağlıdır (70%). Ləpə ilə qabığının arasında mantar pərdəsi yoxdur.
Quraqlığa, xəstəlik və zərərvericilərə, o cümlədən fındıq bitkisinin təhlükəli ziyanvericisi olan fındıq uzunburununa qarşı davamlıdır.