№ | Ölkə | Badam istehsalı, t |
1. | Amerika Birləşmiş Ştatları | 2 002 742 |
2. | İspaniya | 202 339 |
3. | İran İslam Respublikası | 147 863 |
4. | Marakeş | 112 681 |
5. | Suriya | 88 841 |
6. | Türkiyə | 85 000 |
7. | İtaliya | 74 584 |
8. | Avstraliya | 72 902 |
9. | Əlcəzair | 66 095 |
10. | Tunis | 61 000 |
Cəmi 10 ölkə üzrə | 2 840 121 |
Cədvəl 1.3. Dünyada badam istehsal edən aparıcı 10 ölkə (FAOSTAT, 2016)
Dünyada badam istehsal edən qabaqcıl 10 ölkə ildə 2 mln. 840 min ton badam istehsal edir. Həmin istehsalın 70,5 %-i ABŞ-in payına düşür (2 mln. tondan çox).
Azərbaycanın Naxçıvan, Abşeron, Dəvəçi, Gəncə, Qazax, Tovuz, Şirvan, Qəbələ, Şəki rayonlarında fermerlər badam sahələrini genişləndirir. Hələ qədim zamanlardan da bu ərazilərin bəzilərində badam becərilirdi.
1.5.3. Başlıca bioloji və ekoloji xüsusiyyətləri
Adi badam-Amyqdalus communis L. gülçiçəklilər (Rosaceae) fəsiləsinə daxildir. Badam ağac formasında olub, bərk gövdəlidir, hündürlüyü 6-10 metrə çatır. Bitkinin çətiri kürə şəkillidir. Güclü kök sisteminə malik olduğu üçün badam bitkisi qərzəkli meyvə bitkiləri içərisində soyuğa və quraqlığa daha çox davamlıdır. Naxçıvanın Şahbuz və Ordubad rayonlarında cır daş badam ağaclarının boyu 15-20 m-dir, mil kökləri çox dərinə gedir.
Cır (yabanı) halda badam Orta Asiyanın və Azərbaycanın dağlarında bitir. Mədəni badamlar meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənsələr də bu cırlara çox yaxındırlar.
Çiçəkləri ikicinsli, ağımtıl - çəhrayı rəngdədir (Şəkil 1.42). Badam bitkisi erkən çiçəkləmək qabiliyyətinə malik, çarpaz tozlanan birevli bitkidir. Badam 6-10 0C temperaturda çiçəkləyir, çiçəkləməsi 10-15 gün davam edir [4]. Çiçəklər tökülüb meyvələr əmələ gəldikdən sonra yarpaqlar tamamilə açılır. Hətta qışda - fevral ayında bir neçə gün belə temperatur müşahidə olunarsa, ağac çiçəkləməyə başlayır. Bu zaman havaların yağışlı, dumanlı-çiskinli keçməsi çiçəklərin tozlanmasına mənfi təsir göstərir.